
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən Rusiya neftinin “qiymət tavanının” azaldılmasını təqdim edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak “European Pravda”ya istinadən məlumat verib.
Jozviak qeyd edib ki, iyunun 10-da təqdim olunacaq yeni paketdə əsas təkliflərdən biri Rusiya neftinə tətbiq edilən “qiymət tavanının” azaldılması olacaq. Belə ki, hazırda bir barel üçün 60 dollar həddində olan maksimum qiymətin 45 dollara endirilməsi təklif olunur. Bu istiqamətdə Baltikyanı və Şimali Avropa ölkələri uzun müddətdir çağırışlar edirlər.
Xatırladaq ki, mayın 20-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Həmin paket Ukraynaya qarşı müharibəyə, kimyəvi silahdan istifadəyə və Rusiya Federasiyasının Aİ-yə qarşı hibrid sabitliyi pozan fəaliyyətinə görə tətbiq edilmişdi. Həmçinin bu fəaliyyətlərlə əlaqəli şəxslərə qarşı fərdi sanksiyalar da elan olunmuşdu.
Litva Prezidenti Gitanas Nauseda 17-ci sanksiyalar paketini “çox zəif” adlandıraraq, yeni paketin daha sərt tədbirləri əhatə etməli olduğunu bildirib.
Şəbnəm