
Almaniyada CDU/CSU və SPD-nin əldə etdiyi razılaşmadan sonra yeni hökumətin qurulması gözlənilir. Bununla belə, Almaniyadakı Türk Cəmiyyəti koalisiya protokolunu tənqid edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniya Türk Cəmiyyəti (TGD) ölkədə razılaşdırılan koalisiya protokolunu tənqid edib.
TGD həmsədri Gökay Sofuoğlu bildirib ki, Xristian İttifaqı (CDU/CSU) partiyaları ilə növbəti hökuməti quracaq Sosial Demokrat Partiyasının (SPD) razılaşdığı koalisiya protokolunda müsəlmanlardan və İslamla bağlı məsələlərdən demək olar ki, heç bir söz açılmayıb.
Fevralın 23-də ölkədə keçirilən növbədənkənar ümumi seçkilərdən 45 gün sonra hökumət qurmaq üçün danışıqlar aparan CDU/CSU və SPD, ölkənin gələcək 4 ilini formalaşdıracaq koalisiya protokolu ilə bağlı razılığa gəlib və aprelin 9-da ictimaiyyətlə paylaşıblar.
Maraqlıdır ki, hökumət koalisiya sazişində gələcəkdə miqrasiyanı tənzimləmək və istiqamətləndirmək və qeyri-qanuni miqrasiyanın qarşısını effektiv şəkildə almaq istəyir.
Bu kontekstdə qonşu ölkələrlə razılaşdırılaraq sərhədlərdə sığınacaq axtaranların geri qaytarılması, müvəqqəti qorunma hüququna malik qaçqınların ailə birləşməsinin dayandırılması, könüllü qaçqın qəbulu proqramlarına son qoyulması, ağır cinayətlər törədən əcnəbilərin deportasiyası, sığınacaq ala bilməyənlərin isə öz ölkələrinə göndərilməsi kimi tədbirlər koalisiya müqaviləsinə daxildir.
Əvvəlki hökumətin tətbiq etdiyi Vətəndaşlıq Qanununun dəyişdiriləcəyini bildirən protokola əsasən, ölkədə 3 il yaşamış və lazımi şərtlərə cavab verən əcnəbilərin “Turbo vətəndaşlığı” adlanan Almaniya vətəndaşlığı alma təcrübəsi ləğv ediləcək.
Sofuoğlu, koalisiya razılaşması ilə bağlı tez bir zamanda razılığın əldə olunmasını müsbət qiymətləndirərək, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının anketlərdə səs payının artdığını və bu çərçivədə hökumətin bir an əvvəl qurulması və işlərə başlanması lazım olduğunu ifadə etdi.
Vətəndaşlıq Qanununda Alman vətəndaşlığına sürətli keçidlərin aradan qaldırılmasını tənqid edən Sofuoğlu, “Turbo vətəndaşlıq bizim baxışımızdan insanların Alman vətəndaşlığına keçməsi üçün motivasiya ola bilərdi. Burada (insanların) vətəndaş cəmiyyəti fəaliyyətlərində iştirak etmək imkanı yaradıla bilərdi. Təbii ki, buna baxmayaraq ikili vətəndaşlığın qorunub saxlanması müsbət haldır” deyib.
Koalisiya danışıqlarını aparan 19 nəfərlik heyətdə mühacir əsilli şəxslərin olmamasının əskiklik olduğuna diqqət çəkən Sofuoğlu, “Koalisiya protokolunda immiqrantların perspektivlərinin əks olunmamasının nəticələrini görürük” deyib.
Sofuoğlu, daxili təhlükəsizlik və yəhudilərin müdafiəsi ilə bağlı atılan müsbət addımlara diqqət çəkərək, “Onlar həqiqətən olması lazım olan şeylərdir, lakin digər tərəfdən müsəlman icmasının, Sinti və Romanların və digər qaradərililərin təhlükəsizliyi ilə bağlı çox şərh edilməmişdir” deyib.
Orxan