
Cənubi Asiyada yağan güclü yağışlar nəticəsində Hindistanda azı 84, qonşu Nepalda isə 8 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistan və Nepalda çərşənbə günündən bəri yağan güclü yağışlar nəticəsində azı 92 nəfər ölüb. Meteoroloqlar bölgədə mövsümi olmayan yağıntıların davam edəcəyini proqnozlaşdırıblar.
Hindistanın qərb hissələrinə isti dalğası təsir etsə də, ölkənin şərq və mərkəzi hissələrində tufanlar müşahidə olunur. Hindistan Meteorologiya İdarəsi (IMD) çərşənbə günü, aprelin 9-da ölkə üçün hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Hindistanın şərqindəki Bihar əyalətində leysan yağışları nəticəsində azı 64 nəfər ölüb. Yerli mətbuatın məlumatına görə, ölkənin ən sıx məskunlaşdığı Uttar Pradeş ştatında 20-dən çox insan həyatını itirib. Nepal Milli Fəlakət Agentliyinin məlumatına görə, qonşu ölkədə ildırım vurması və leysan yağışları nəticəsində azı 8 nəfər ölüb. Hindistanın meteoroloji bürosu şənbə gününə qədər ölkənin mərkəzi və şərq hissələrində ildırım, şimşək çaxması və şiddətli tufanların davam edəcəyini bildirib.
IMD keçən həftə Hindistanda aprel ayında mövsümi normalardan daha isti olacağını bildirmişdi.
Orxan