Tramp Qrenlandiyanı ələ keçirməyə hazırlaşır

Donald Trampın prezidentliyi dövründə ABŞ administrasiyası Qrenlandiyanı güc yolu ilə deyil, yerli əhalinin ictimai rəyinə təsir etməklə nəzarətə almaq planını həyata keçirməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşr yazır ki, plan Milli Təhlükəsizlik Şurasının bir neçə iclasında müzakirə olunub və bir neçə nazirliyə bu məqsədlə konkret təlimatlar göndərilib.

Plana əsasən, ABŞ 57 min nəfərlik Qrenlandiya əhalisini “Birləşmiş Ştatlara qoşulmaq istəyinə” inandırmağa çalışacaq.

Tramp administrasiyası, həmçinin sosial şəbəkələrdə reklamların və kampaniyaların yerləşdirilməsini müzakirə edib. ABŞ-ın mesajlarında Qrenlandiyalılarla Alyaskanın yerli əhalisi olan inuitlər arasında ortaq mədəni irsə istinad da yer alıb.

Nəşr yazır ki, Tramp administrasiyası Qrenlandiyalılar üçün maliyyə stimulları da nəzərdən keçirib. Məsələn, Danimarkanın illik 600 milyon dollar subsidiyası əvəzinə, hər sakinə ildə 10 min dollar birbaşa maliyyə dəstəyi təklif olunması planlaşdırılıb.

Donald Tramp administrasiyası dəfələrlə Qrenlandiyanı nəzarətə götürmək niyyətində olduğunu bəyan edib. Hazırda Qrenlandiya Danimarkanın tərkibində muxtar bölgə statusuna malikdir.

Bildirilir ki, Tramp Qrenlandiyanı ələ keçirməyin xərclərini araşdırmağa başlayıb.

Danimarka isə ABŞ-ın bu cür bəyanatlarını qəbuledilməz hesab edir.

Şəbnəm 

Gununsesi.info