
Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Qurum rəsmisi Azərbaycan cüdoçusu Elcan Hacıyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında fransalı rəqibi Nqayap Hambu ilə görüşdə hakimin qərəzli qərarları ilə üz-üz qalması iddialarına münasibət bildirib:
“Cüdoçumuz Elcan Hacıyevin fransalı rəqibi Nqayap Hambu ilə görüşündə maraqlı vəziyyət yaşandı. İdmançımız qarşılaşma zamanı rəqibinə ippon fəndi işlədərək onu üstələdi. Lakin bu hərəkət Elcanın qələbəsi kimi qiymətləndirilmədi. Bəzi saytlar və sosiyal şəbəkələrdə hakimin ədalətsiz qərar qəbul etməsi barədə yazılar dərc olunmağa başladı. Bildirmək istəyirəm ki, idmançımız fənd işlətməzdən əvvəl görüşün baş hakimi ona “dayan” işarəsi vermişdi. Belə olan halda heç bir texniki hərəkət qiymətləndirilmir. Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb. Hər şey qaydalara uyğun idi”.
Qeyd edək ki, Elcan Hacıyev 1/8 finalda məğlub olaraq turnirlə vidalaşıb.
Gununsesi.info