Ukraynanın müharibəni davam etdirməsi üçün Qərbin dəstəyi kəsilməməlidir -ŞƏRH

Ukraynanın maliyyə naziri Sergey Marçenko Ukraynanın 2025-ci ildə Rusiya ilə müharibəni davam etdirəcəyini deyib.

O, bildirib ki,  bunun üçün Qərb tərəfdaşları ilə lazımi maliyyə dəstəyi müzakirə edilir.

Ukrayna Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, 2025-ci ildə büdcə kəsirini ödəmək üçün Kiyev Qərb tərəfdaşlarından əlavə 12-15 milyard dollar almalıdır.

Marçenkonun sözlərinə görə, büdcə kəsiri artıq 6 milyard dollara çatıb.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayır ki, Ukraynanın mühribəni davam etdirməsi üçün 1000 km-lərə uzanan cəhbə bölgəsində hərbçilərə ehtiyac var:

“Əsas iki resursdur. İnsani və  hərbi resurs. Ukraynanın kifayət qədər itkiləri olsa da, hələ ki, hər iki resursdan kifayət qədər təmin olunur. Əlbəttə ki, Rusiyanın da itkiləri az deyil. Ukraynada hərbçilərin sayı kifayət qədərdir. İkinci resursu isə bir qədər azalıb. Qərb bir müddət kifayət qədər yardım etmədi. Amma son 5-6 ay içində həm ABŞ, həm Avropa tərəfindən maliyyə yardımı ayrıldı. Bu iki resurs Ukraynaya hələ ki, kifayət edir ki, müharibəni davam etdirsin. Çünki ərazilərini geri qaytarmaq məcburiyyətindədir. Həmçinin yeni ərazilərini də itirməməlidir”.

Politoloq deyir ki, Rusiyanın Ukraynadan fərqi odur ki, Rusiyanın potensialı daha böyükdür:

“Rusiyanın Əhalisi 120 milyondan çoxdur. Eyni zamanda hərbçilərin sayı çoxdur və hərbi sanayi kompleksi daha böyükdür. Ukraynan əhalisinin isə sayı getdikcə azalır. Baxmayaraq ki,  müharibədən öncə 40 milyon idi. Amma yenə də hərbçiləri var. Lakin hərbi sənaye kompleksi kifayət qədər inkişaf etməyib. Ona görə də müxtəlif Qərb ölkələrinin hərbi texnikasını almağa məcburdur”.

E.Şahinoğluya görə, Ukraynanın nə qədər ki, insan resursu və maliyyə dəstəyi varsa ən azı bu ilin sonuna qədər  müharibəni davam etdirəcək:

“Müharibə o zaman bitəcək ki, hər iki tərəfdən birinin resursları tükənsin. İki tərəfdən biri hansısa ağ bayrağı qaldırmalıdır. Amma hələ ki, nə Rusiya, nə də Ukrayna geri çəkilmir. Rusiya işğal etdiyi əraziləri genişləndirməyə çalışır, geri çəkilənə də oxşamır. Ukrayna isə tam əksinə, itirdiyi əraziləri geri qayıtdırmağa çalışır. Bu şəraitdə əlbəttə ki, sülh danışıqları da mümkündür.  Ona görə də müharibə bir müddətə qədər davam edəcək”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info