
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanların nəzərdən keçirildiyini deyib.
O, qeyd edib ki, əgər ölkə hakimiyyəti “səhv” istiqamətdə hərəkət etməyə davam edərsə, yaxın gələcəkdə məhdudiyyətlər tətbiq ediləcək.
Ölkənin baş naziri İrakli Kobaxidze isə bildirib ki, Amerika hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaları şantajdır.
Gürcüstan hakimiyyəti ABŞ və Aİ ölkələri ilə münasibətlərin pisləşməsini may ayında “Xarici agentlər” haqqında qanunun qəbul etməsi ilə əlaqələndirir.
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirir ki, Gürcüstana qarşı adımlar artacaq, daha da kəskinləşəcək.
“Gürcüstan hakimiyyətinin “Xarici agentlər” haqqında qanun qəbul etməsindən sonra Gürcüstana qarşı kollektiv Qərbdən, xüsusilə də ABŞ başda olmaqla bir sıra dövlət və təhsisatlarda səfərbərlik başlayıb. 2004-cü ildə Saakaşvilinin hakimiyyətə gəldiyi dönəmdən keçən 20 il ərzində Gürcüstan Qərb ilə münasibətlər baxımından böyük bir yol qət etmişdir. Keçdiyi 20 illik bir yol ərzində, Gürcüstan NATO ilə strateji tərəfdaşlıq, bir neçə ay bundan əvvəl Avropa İttifaqına üzvlüyə namizəd statusunu almışdır. Amma “Xarici agentlər” haqqında qanunu qəbul etmək niyyətini ortaya qoyduqdan və bu qanunu qəbul etdikdən sonra bu 20 illik keçən yolun üstündən xətt çəkildi. Qərb bütövlükdə Gürcüstana qarşı adımlar atmağa başladı. ABŞ eyni zamanda kollektiv Qərbdən olan digər dövlətlər, hətta Avropa İttifaqı da Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilərlər. Artıq onların sanksiya tətbiq etdikləri dövlətlərin sayı da artıb. Sanksiyaların hədəfə aldığı dövlətlərin sayı artıqca sanksiyaların təsir mexanizmi də bir o qədər aşağıya düşür”.
Xəyal Bəşirovun fikrincə, Gürcüstana münasibətdə kollektiv Qərbdən daha sərt addımların şahidi ola bilərik: “Bu, bir daha ondan xəbər verir ki, ümumilikdə Qərbin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət yanlışdır. Bu gün Qərb siyasəti o səviyyəyə gəlib çıxıb ki, Cənubi Qafqazın ən zəif, ən əhəmiyyətsiz dövləti olan Ermənistandan yapışıb. Ermənistanla bu münasibətləri kompensasiya etməyə çalışırlar. Ermənistan isə heç vaxt bu prosesdə kompensasiya edici rol oynaya bilməz. Çünki Ermənistanın Cənubi Qafqazın digər dövlətləri, əsas dövləti olan Azərbaycandan və daha sonra Gürcüstandan fərqli olaraq imkanları məhduddur. Əhəmiyyətsiz bir dövlətdir. Ermənistanın nə dənizə çıxışı, nə də ki, beynəlxalq aləmdə ciddi əlaqaləri var. Eyni zamanda Ermənistanın digər məqamlarla bağlı logistika, iqtisadi yollar və enerji təhlükəsizliyi baxımından resursları yoxdur.”
Politoloq deyir ki, kollektiv Qərb ard-arda Gürcüstana münasibətdə bu addımlarını davam etdirir və düşünür ki, Gürcüstan yanlış istiqamətdədir:
“Gürcüstan yanlış istiqamətdə hansı siyasəti yürüdür? Gürcüstan ABŞ və Avropa ölkələrində mövcud olan qanunlardan birini qəbul edib. Bu qanunun müddəaları bir çox dövlətlərdə olduğu kimi o qədər də sərt deyil. Bu baxımdan Gürcüstana münasibətdə bu siyasət davam edəcək. Düşünmürəm ki, bu siyasət özünü doğruldacaq və bununla Qərb Gürcüstanı öz yolundan döndərəcək. Onlar Gürcüstanda İvanişvilinin təsiri altında olan hazırkı hakimiyyəti devrilməsinə çalışırlar. Qarşıda Gürcüstanda parlament seçkiləri var. Parlament seçkilərində proseslərə də təsir göstərməyə çalışacaqlar”.
X.Bəşirov vurğulayır ki, Gürcüstan Qərbin ona qarşı bu cür reaksiya verəcəyini gözə alaraq addımlarını atıb.
“Gürcüstan tərəfi bütün bunları özünün müstəqil siyasət yürütməsi ilə alaqaləndirir. Amma kollektiv Qərbdə Gürcüstanın bu addımlarının Rusiyanın təsiri altında atdığını dilə gətirir. Hər bir halda, düşünürəm ki, Cənubi Qafqazda sülhün əldə edilməsi üçün bizim atdığımız addımlar baxımından belə hadisələr o qədər də müsbət təsir göstərməyəcək. Amma unutmaq lazım deyil ki, Gürcüstan müstəqil dövlətdir və Gürcüstanın yürütdüyü siyasət onun xalqının iradəsi ilə seçilmiş şəxslər tərəfindən həyata keçirilməlidir. Kənar qüvvələrin təsiri altında bu siyasətə dəyişikliklərin tələb edilməsi özü-özlüyündə beynəlxalq hüquqa ziddir. Gürcüstan kimi müstəqil bir dövlətlə zor dilində danışılması yol verilməzdir”.
Şəbnəm Rəhimova
Gununsesi.info