
Paris prokurorluğu Telegram messencerinin qurucusu Pavel Durovun 12 cinayətdə şübhəli bilindiyini açıqlayıb.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu sırada kibercinayətkarlıq, çirkli pulyuma, kriptoloji avadanlığı öncədən bəyan etmədən idxal etmək var.
İttihamların hamısı Durova elan edilərsə, onu on illərlə həbs gözləyir.
Fransanın “Ofmin” agentliyinin baş katibi Jan-Mişel Berniqo LinkedIn sosial şəbəkəsində yazıb ki, P.Durova qarşı cinayət işi messencerdə özəlliklə uşaq pornoqrafiyası ilə bağlı kontentin pis moderasiya olunmasından qaynaqlanır. Agentlik uşaqlara qarşı cinayətlərin önlənməsi ilə məşğuldur və onun çıxardığı order əsasında Durov şənbə günü – avqustun 25-də saxlanılıb.
Durovun Fransada nəzarətdə saxlanılma müddəti avqustun 28-dək uzadılıb. Onun mühafizəçisi və yol yoldaşı xanım isə dindirilmədən sonra buraxılıb.
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Pavel Durovun həbsi siyasi motivli deyil.
Makron X platformasında yazıb ki, Telegram başçısının həbsi davam edən məhkəmə araşdırmasının tərkib hissəsidir.
Prezidentin sözlərinə görə, bu barədə qərarı hakimlər qəbul edəcəklər. Avropa Komissiyası bu barədə şərh verməkdən imtina edib.
Gununsesi.info