Yıxılana niyə baltaq vurmaq lazımdır? - ORXAN SAFFARİ YAZIR

  • By admin
  • 27 Avqust 2024 11:55

Azərbaycanda vəzifədən çıxan, çıxarılan adamları cəmiyyət tənqid və təhqir etdiyi zaman tez-tez müdafiə xarakterli bu ifadəyə rast gəlmək mümkündür: “Hünəriniz var idisə, vəzifədə olan zaman deyərdiniz” “Yıxılana balta vurmağa nə var?” “Vəzifədə olanda yaltaqlanırdınız”  və sairə və ilaxır.

Əlbəttə, ədalətli yanaşma, ədalətli cəmiyyət baxımından kifayət qədər haqlı mövqedir.

Fəqət, amma, lakin, halbuki, isə məsələ odur ki, Azərbaycanda vəzifədə olan əzazil adama vəzifədə olarkən yaxınlaşmaq, söz demək, irad bildirmək haradasa mümkünsüz olur.

Çünki güc onun əlində birləşir, ona qarşı deyilən, edilən heç bir mənfi əməl gedib çatmır. Belə olduqda da bürokratiya, güc qarşısında əzilən cəmiyyət uyğun zamanı gözləyir. Çünki onun əlindən bundan başqa heç nə gəlmir. Sədi Şirazinin “Gülüstan”ından bir əhvalat var: “Nağıl edirlər ki, bir mərdimazar hərbçi, rəhmdil bir dərvişin başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb saxladı. Bir gün hökmdar həmin hərbçiyə qəzəblənərək onu quyuya saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı.

Hərbçi soruşdu: –Sən kimsən, məni niyə daşla vurursan?

Dərviş dedi: –Mən həmin adamam ki, bu daşı sən filan tarixdə mənim başıma vurmuşdun.

–İndiyə qədər bəs haradaydın?

–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni quyuda görüb, acığımı çıxmağa fürsət tapdım. “Yıxılana balta vurmaq” idiomatikası da məhz bu kimi məsələlərdən yaranmışdır.

Yıxılan adamların özləri də bəzən bu məsələlərdə yenə özünə qarşı münasibəti qəbul etmir, buna məsələn, “Bağda ərik var idi” misalını aid edir. Amma reallıq isə göz önündədir.

Qəribədir ki, Azərbaycanda bu məsələlər hələ də öz həllini tapmır. Yəni, vəzifəyə gələn əksər şəxslər birinci növbədə əzazil, ədalətsiz olmağı planlayır, özündən əvvəlki “yıxılanların” aqibətini görmür, nəzərə almır. Yox, belədirsə, onda əli baltalı adamları qınamağa gərək yoxdur.

Baltanı elə bu cür yıxılana vurmaq lazımdır.

 

Orxan Saffari

Gununsesi.info