
Viktor Orban həmişəki ampluasındadır.
Beləki, bu dəfə oktyabrın 9-da Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orban ilə avropalı deputatlar arasında qalmaqal yaşanıb.
Gununsesi.info xəbər verir ki, Viktor Orban mübahisəli müzakirə zamanı bloku dəyişməyə çağırıb.
Eyni zamanda, Aİ rəsmiləri isə Budapeşti Rusiyaya dost münasibətinə, demokratiyanın geriləməsinə görə tənqid ediblər:
Qeyd edilib ki, “Orban Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. Onun Avropa İttifaqı ilə münasibətləri aylardır ki, mübahisəli vəziyyətdədir. Ukraynaya ayrılan yardım, miqrasiya, blokun vəsaitlərindən sui-istifadə iddiaları, ölkədə qanunların pozulması ilə bağlı çəkişmələr gedir.”
O da vurğulanıb ki, avropalı parlamentarilər Macarıstan baş nazirinin çıxışını dəfələrlə qışqırıqla, oxumaqla kəsiblər…
Orban isə çıxışında miqrasiya böhranına dair sərt mövqeyini səsləndirib, Avropa İttifaqının dəyişməli olduğunu vurğulayıb.
Parlamentdə çıxış edən Avropa Komissiyasının prezidenti isə məsələyə bu cür münasibət bildirib:
O, Macarıstan hökumətini “problemlərini sadəcə qonşunun hasarının üstünə atmaqda” ittiham edib və deyib ki, “Budapeşt bir müddət öncə azı min qeyri-leqal miqrant daşıyanları, insan alverçilərini həbsdən buraxıb.”
AK-nın prezidenti həmçinin Macarıstanı Rusiya vətəndaşlarına digər ölkələrlə müqayisədə hərtərəfli araşdırma aparmadan viza verdiyinə görə də sərt tənqid edib.
Əlavə olaraq, Ursula Fon der Lyayen işğalçı Rusiya qüvvələri ilə savaşan Ukraynaya yardımın qarşısını aldığına görə danlayıb.
“Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın bircə yolu var, Ukraynanın müqavimətinə siyasi, maliyyə və hərbi dəstək verməliyik”, – o bildirib.
Sözügedən qalmaqal isə bununla da bitməyib.
Beləki, “Yaşıllar-Azad Avropa Alyansı”nın lideri Terri Reyntke də Orbanla daha sərt danışıb.
“Sənin burada yerin yoxdur”, – ona müraciətində deyib.
O cümlədən, mübahisə zamanı Ukraynaya yardımla bağlı mövqeyə də toxunulub:
Daha dəqiq, bir gün öncə Orban Strasburqda mətbuat konfransında deyib ki, “Aİ-nin Ukraynaya kütləvi yardım göndərmək strategiyası işləmir.”
“Cəbhədə qalib gələ bilmirsənsə, kommunikasiya yaratmalı, danışıq aparmalı, atəşkəs əldə etməlisən”, – o əlavə edib.
Qeyd edək ki, Macarıstan hazırda Aİ-də altı aylıq rotasiyalı prezidentliyi icra edir. Orbanın populist hökuməti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalına baxmayaraq, Moskva ilə əlaqələrini saxlayıb.
Onun həm Kiyevə yardıma qarşı çıxması, həm də getdikcə avtoritarlaşan idarəçiliyi və Çinlə əlaqələri Aİ-nə qəzəbləndirir…