
Xəbər verdiyimiz kimi, “TOST” piramidası ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməliyyat keçirib, həbs olunanlar var.
Həbs olunanlardan birinin, Cabar-zadə Namiq Əliyusif oğlunun vəkili Gununsesi.info – ya açıqlama verib.
Sözügedən açıqlamanı təqdim edirik:
“Bildirirəm ki, bir sıra xəbər saytlarında hüquqlarını müdafiə etdiyim Cabar-zadə Namiq Əliyusif oğlunun qabaqcadan əlbir olaraq 5 milyon manata yaxın pul vəsaitini ələ keçirməsi ilə bağlı müxtəlif xəbərlər paylaşılmışdı. İlk əvvəl bildirmək istəyirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin dələduzluq niyyəti olmamış və tərəfindən heç bir cinayət əməli törədilməmişdir.
Vəkil qeyd edib ki, saxlanılan şəxs piramıdanın yaradıcısı deyil:
“Belə ki, hazırki dövrümüzdə “TOST” maliyyə piramidası dünyanın bir çox ölkəsində mövcuddur. Namiq Cabar-zadə nə sözügedən platormanın yaradıcısı, nə də platformanı Azərbaycan Respublikasında təbliğ edən şəxsdir. Namiq Cabarzadənin özü də sadəcə olaraq digər şəxslər kimi “TOST” piramidasına qoşularaq investisiya yatıran adamlardan biridir. Yəni ki, hüquqlarını müdafiə etdiyim şəxs tərəfidən heç bir dələduzluq əməli törədilməmişdir.
Vəkil onu da vurğulayıb ki, eyni zamanda hazırda piramida da ödənişlərin dayanması, yaxud da ödənişlərin gəlir şəklində verilməsi hüquqlarını müdafiə etdiyim şəxsin iradəsində deyildir. Bundan başqa, hazırda Namiq Cabar-zadəyə verilmiş ittihamın özü də 5 milyon manat məbləğində deyil.
Onu da qeyd edim ki, Namiq Cabar-zadə barəsində həbs qətimkan tədbiri seçilən zaman yol verdiyi kobud prosessual qanun pozuntusuna görə, AR DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müstəntiqi barəsində də məhkəmə tərəfindən xüsusi qərar qəbul edilmişdir.
Gununsesi.info