
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov komandanın İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında çıxışını dəyərləndirib.
Mütəxəssis saytımıza açıqlamasında 1/8 finalda böyük hesabla uduzduqları Portuqaliyanın çox güclü olduğunu deyib.
“Portuqaliya həm dünya, həm də son Avropa çempionudur. Hazırda Avropanın ən güclü komandasıdır. 5:13 hesabı ilə uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirdik. Son iki matçda güclü rəqiblərlə qarşılaşdıq. Portuqaliya ilə aradakı səviyyə fərqi özünü göstərdi. Baxmayaraq ki, yaxşı başlamışdıq, 2:0 irəlidə idik. Rəqibin oyun praktikasının daha çox olması sözünü dedi. Boşluqlar verdik və məğlub olduq. Lakin keçirdiyimiz 4 qarşılaşmadan ən yaxşısı məhz bu idi. Nəticələri normal dəyərləndirirəm, qrupdan çıxdıq. 1/8 finalda Portuqaliya ilə düşməyimiz yaxşı olmadı”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub. Komanda 1/8 finalda Portuqaliya yığmasına 5:13 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.