
Qışı hələ bilmək olmur, amma bu payız dəqiq sərt keçəcək!
Belə ki, yeni çağırış Milli Məclisin ilk sessiyası bu dəfə tam fərqli başladı. Budur, xalq yeni seçdiyi deputatların yepyeni qərarları ilə qarşı-qarşıya dayanıb.
Əlbəttə, hər kəs hansısa sosial məsələlər üzrə vəsaitlərin artımını, maaşlarda filan müsbət dəyişikliyi gözləyirdi. Deputatlığa namizədlərin seçicilərlə görüşündə ən çox üzləşdikləri problemlər də məhz sadaladıqlarım idi.
Amma sən saydığını say, gör, deputatlarımız nə deyir?!
Payızın sarı yarpaqları ağacdan yerə düşüb ayaqlarımızın altında xışıldamamış, ciblərimizdəki qəpik-quruş şaqqıldadı.
Demə, indən belə avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.
Əvvəl isə bu cərimə 30 manat idi.
Ay bərəkallah!
Min kərə maşallah!
Bəs sonra nə oldu?!
Heç nə. Siqareti çəkib, kötüyünü yerə atmağın cəriməsi də 50 manatdan 300 manata qaldırılır.
Budur, bəs deyəndəki siqaret insan sağlamlığına da, cibinə də ziyan vurur, inanmırdınız. Sağlamlıq bir yana, yenə olan cibinizə oldu.
Özü də, tutalım, bu yanlışı bir dəfə elədiniz, cərimə də yazdılar. Nəbadə, insansınız, fikirli olub yenidən etsəniz, o zaman da gedin, ölünüzü qoyub, dirinizi ağlayın.
Niyə belə deyirəm? Deputatlarımızın ürəyi soyumadığı üçün.
Yəni, bir il ərzində iki dəfə bu xətanı edən 700 manat cərimə ediləcək, yaxud barəsində 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.
Bu da o deməkdir, yerə atdıqlarınızı “maralni” özünüzə yığışdırtdıracaqlar.
Yəqin, elə bilirsiniz, bununla bitdi, hə?!
Ay-hay!
Xeyr. Bizim deputatlar sizə asan adamlar gəlməsin. Boş yerə deputat olublar?!
Nəzərləri üzərinizdə, əlləri yaxanızdadır.
“Zibli zibil qabına atmayan fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4 min manat məbləğində cərimə ediləcək.”
Hə, belə. Hələlik bu qədər. Hələlik niyə? Fəaliyyət bu cür başlayıbsa, xalqa indən belə kərim olsa-olsa ancaq Allah olar.
Əslində, sözügedən qərarlar ilk oxunuşda, ilk baxışda, ilk səslənişdə qulağa da xoş gəlir. Artan cərimələr insanlarda məsuliyyət yükünü artırır, ictimai, etik prinsiplərin düzəlməsinə kömək edir. Ümumiyyətlə, ta qədimlərdən-əsrlərdən buyana mədəniyyəti formalaşdıran yeganə amil qanunun sərtliyidir. Söz yox, o da var, adamlar pulu çıxmasa düzəlmir.
Amma etiraf edək, bu sərt qanunlar bizim haramıza yaraşır? Bir baxın, görün, bu qanunu hansı xalqa edirsiniz?
Maaşı maaş, yaşayışı yaşayış olmayan, sosial yardım almaqdan ötrü dəridən-qabıqdan çıxıb, yenə də ala bilməyən, əksəriyyəti iki işdə işləyən, bir sözlə, güzəranı heç də yaxşı olmayan xalqa.
O da olar, dövlət qayda qoyar, qanun qoyar, cərimə kəsər. Amma bunu gərək daha yaxşı maaş, daha yaxşı sosial həyat verdiyi xalqa etsin.
Qəribədir, müqayisədə Azərbaycandakı cərimələr Avropadakı cərimələrlə səsləşir. Dirəşsən, hərdən ötüb keçir də, amma digər məsələlərdə Avropanın “A”-sının da yanından keçmirik.
Bəs niyə?
Bəs deputatlarımız təbliğat-təşviqatda deyirdilər, hər şey daha gözəl olacaq, daha yaxşı, xalqın xeyrinə olan qərarların qəbul edilməsinə təşəbbüs göstərəcəyik?
Bu idi xalqın xeyri?
Niyə qapı-qapı düşüb səs yığıb, insanları da aldatdınız?
Orxan Saffari
Gununsesi.info