
Rusiyada 2024-cü ilin birinci yarısında 52 nəfərə vətənə xəyanət hökmü oxunub. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3.5 dəfə çoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsinə istinad edən “Vajnıye istorii” yazır.
Belə ki, 2023-cü il ərzində bu maddə ilə 39 nəfər cəzalandırılmışdı, elə 2023-cü ildən də bu maddəyə görə cəza sərtləşdirilib və indi ömürlük həbs cəzası nəzərdə tutulur.
Casusluqla bağlı məhkumların sayı da artıb. 2024-cü ilin ilk yarısında bu maddə ilə 18 nəfər məhkum edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə doqquz dəfə çoxdur.
İki nəfərə xarici dövlətlərlə “məxfi əməkdaşlıq” ittihamı ilə hökm verilib ki, bu da 8 ilə qədər həbs və cərimə ilə nəticələnir.
“Sever.Realii” saytının məlumatına görə, natamam iki il ərzində Rusiyada bu maddə ilə azı 40 cinayət işi açılıb. Dövlət sirri ilə bağlı qanunsuz hərəkətlərə görə isə 96 nəfər məhkum edilib, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə iki dəfə çoxdur.
Bu hallar, “Dövlət sirrinin qorunması” maddəsinin tətbiqi ilə bağlıdır və dövlət müəssisələrinin keçmiş işçilərini əhatə edir.