
Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqubluya qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, bu prosesdə Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu ifadə verib.
Maya Yaqublu ifadəsində deyib ki,həmin günü mən evdə tək olub:
”Qapı döyüldü. Qapını açdım ki, bir neçə polis qapının ağızında dayanıb. Polis dedi ki, biz evdə axtarış aparmağa gəlmişik. Onda bildim ki, Tofiqi tutublar. Həmin günlərdə Tofiqin izlənildiyi bilirdik. Məhəlləmizdə yeni maşınlar var idi. Onsuz da polis bizim evə nəzarət etmək üçün çoxdan məhəlləyə kamera quraşdırmışdı. Tofiqin evdən nə vaxt çıxıb-gəldiyini mütəmadi nəzarətdə saxlayırdılar.
Mən polisdən soruşdum ki, sizin axtarış üçün icazə kağızınız varmı? Dedi ki, bəli. Kağızı mənə verdi. Evə keçib telefonu götürdüm ki, şəklini çəkib qızım Nigara göndərim. Şəklini çəkəndən sonra kağızı geri verəndə polis dedi ki, içəri keçib baxa bilərikmi? Dedim, bəli, ancaq gözləyin qızım gəlsin, mənim bu prosedurdan başım çıxmır. Bu zaman üzümaskalı xeyli polis evə doluşdu. Onlar çox idi, mənsə tək.
Birinci polis dedi ki, yuxarı mərtəbəyə çıxaq oradan başlayaq. Biz yuxarı çıxdıq. Otağa keçdik. Polis dedi, yorğanı qaldır, balışı qaldır, döşəyi qaldır. Mən də deyilənləri etdim. Elə təzəcə guya axtarışa başlamışdılar ki, polis qəfil dedi ki, indi də düşək aşağıya baxaq. Mənsə dedim ki, hazır yuraxıdayıq. Buranı axtarın, sonra aşağı düşərik. Yeri gəlmişkən yuxarıda qarderoblar, şkaflar, yorğan-döşək yığdığım yük, “kladovka” var idi. Heç birinə baxmadılar. Orada o qədər gizlin yerlər var idi ki, mənim öz pulum olsa, niyə aparıb döşəyin altına qoyurdum ki? Elə yerə gizlədərdim ki, tapmaq asan olmazdı. Niyə aparıb döşəyin altında gizlədirdim ki?
Sonra aşağı düşdük. Yataq otağına keçdik. Burada da polis mənə dedi ki, yorğanı qaldır, balışı qaldır, döşəyi qaldır. Mən də bir-bir qaldırdım. Döşəyi qaldıranda gördüm ki, çirkli balaca bir salafana bükülmüş nəsə var. Bükülünü açanda gördüm ki, bir qalaq pul. Həm dollarlar, həm avrolar, həm də manatlar var idi. Polis həmin yataq otağında yalnız qarderoba ötəri baxmışdı. Yəni dərindən axtarış aparmamışdı. Göstəri xarakterli axtarış idi, guya nəsə axtarırlar görüntüsü yaratmağa çalışırdılar. Mənə dedilər ki, o pulları çarpayının üstünə düzün. Mən dedim ki, o pulları siz gətirmisiz, necə gətirmisizsə, eləcə də özünüz düzün. Pulları düzüb şəkillər çəkdilər. Mənim də şəklimi çəkdilər. Bu vaxt digər polis dedi ki, çarpayının da altına baxaq.
Elə həmin otaqda qarderobun siyirtməsində bacımın mənə dişim üçün verdiyi pulu da götürdülər. Orada 200 avro və 100 dollar var idi. Dişim düzəlməli idi. Onun üçün 1200m lazım idi. Bacım Rusiyada yaşayır. Payızda bizə qonaq gəlmişdi. Həmin pulu da gedəndə siyirtməyə qoyubmuş. Gedəndən sonra mənə dedi ki, o pulu dişin üçün qoymuşam. Mən də o pula toxunmurdum ki, üstünü düzəldib dişimi düzəltdirərəm. Tofiq tutulan gündən bir gün öncə də qonşudan 50m borc alıb həkimə getmişdim”.
Maya Yaqublu ifadə verəndən sonra ona suallar verildi.
İlk Tofiq Yaqublu suallar verdi.
– Bacının sənə verdiyi pulları mən görmüşəmmi, ona toxunmuşammı?
Maya Yaqublu:
– Xeyr. Sənin heç o puldan xəbərin yox idi.
Tofiq Yaqublu məhkəməyə xitabən:
– Ancaq ekspertiza rəyində yazıb ki, o pullarda Tofiq Yaqublunun barmaq izləri tapılıb.
Dövlət ittihamçısı Tural Yaqubov:
– Tofiq Yaqublu o günlərdə evə pul gətirmişdimi?
Maya Yaqublu:
-Xeyr
Tural Yaqubov:
– Ümumiyyətlə, Tofiq Yaqublu nə vaxtsa evə külli miqdarda pul gətiribmi?
Maya Yaqublu:
– Ömründə evə pul gətirməyib.
Gununsesi.info