
Məqamı və ahəngdarlığı qədim İran folkloruna söykənən məşhur İran təranələrinin əsl adı “mənim güldanımın gülü” olsa da çox vaxt bu musiqi əsərini “atəşin, odun rəqsi” adlandırırlar. Bu gün bütün dünyanın gözü önündə İran səmalarında atəşlərin, odun rəqs etdiyi görünür. Eşidilən tükürpərdici gurultu səsləri artıq əsrarəngiz melodiya variyasiyaları yox, müasir öldürücü silahların sədasıdır. Əslində nə baş verdiyini anlamaq üçün mütləq tarix səhifələrini bir az geridən vərəqləməyə ehtiyac duyulur. Axı bu gün baş verənlərin kökü büsbütün artıq tarixə çevrilmiş dünəndədir.
XX əsrin 70-ci illərinin sonunda Qərbin bətnində yetişdirilən müasir İran hakimiyyəti elə XX əsr 40-cı illər Qərbinin İranla bağlı arzularının gerçəkləşməsində edilən korrektələrin təzahürü idi. Qərbə İranın bütövlüyü və eynən də sözəbaxanlığı arzu olunurdu. Onlar heç vəclə İranın parçalanaraq bir hissəsinin Sovetlər İttifaqına qatılmasına barış nümayiş etdirməzdilər. ll Dünya Müharibəsində Qərb dəstəyinə ehtiyacı olan Moskva can-başla Şimali İranı güzəştə gedir. 1943-cü ilin payızında Tehranda keçirilən ABŞ, BB və SSRİ görüşündə əldə edilən razılıq konturları həmin vaxt hiss olunmasa da real əməli addımlar 1946- cı ildə baş tutdu. Həmin vaxt Məhəmmədəmin Rəsulzadə Ankarada yazırdı: “Bəlkə də tarixin verdiyi son şansdan istifadə edə bilmədik”.
Təbii ki, Rəsulzadə Azərbaycanın bütövləşməsi arzusunu deyir, ikiyə bölünməyimizə son qoyulmamasını nəzərdə tuturdu.
Qərb institutları hesablaya bilmədikləri, nəzərə almadıqları bəzi nüanslar zamanla onların özlərinə problem yaradırdı. Belə ki, 40-cı illərin ortalarındakı Pəhləvi xənadanı 70-ci illərdə sözəbaxanlıq sərgiləmirdi. Hələ V əsrdə olduğu kimi fars-sasan hökmdarları böyük siyasi hiyləgərliklə əslində öz məqsədlərinə çatmaq üçün müvəqqəti olaraq mütilik və forpost imtasiyası nümayiş etdirirlərmiş.
Qərb keçmişini dərindən öyrənməsə də, müasir İranı mükəmməl araşdırırdı. Və din amilindən çox məharətlə istifadə edərək “dindarları” hakimiyyətə gətirdi. Vaxt, zaman o vədəyə çatdı ki, Pəhləvi şahının müstəqil, yəni Qərb diktəsi olmadan verdiyi qərarlar onun hakimiyyətinin sonunu gətirdiyi kimi, islami cümhuriyyətçilərin də həddindən artıq sərbəst gedişləri yetişib, hakimiyətə gətirildikləri mərkəzlərdə ciddi etiraza səbəb oldu. Bu gün İranda baş verənlər mahiyyət etibarı ilə bu qədər sadə məntiqin fonundadlr.
Əvvəl ticarət tariflərini fantastik formada qaldıran, sonra isə müəyyən bazarlıqla Çinlə razılığa gələn ABŞ bu hipergüclə İrana münasibəti reaksiyasız duruma gətirir və ehtimal olunur ki, Rusiya ilə də hansısa anlaşma qurub. İsrail isə Yaxın Şərqdə Qərbin iradəsini təmsil etdiyi heç kimə sirr deyil.
İran iqtidarının nüvə silahına malik olmaq israrı artıq göz önündə olan durumu reallaşdırdı. Sözsüz ki, biz bu dövlətlə qonşu olaraq ciddi narahatlıq keçiririk. Bir həqiqət də gün kimi bəllidir ki, İran rəsmiləri müstəqilliyimizin ilk illərindən üzü bəri bizə dost münasibət göstərməyib. Düşmənimiz, torpaqlarımızı uzun illər işğal altında saxlayan Ermənistana xüsusi simpatya nümayiş etdirib. Hətta Qərbi Zəngəzurla bağlı “qırmızı xətt” riyakarlığını rəsmən elan edib. Heç vaxt İrana münasibətdə Qərb üçün plasdarm olmayacağımız siyasətimizə arzu etdiyimiz qarşılığı verməyib. Bütün bulara baxmayaraq, Azərbaycan dövləti Azərbaycan xalqının iradəsini əks etdirərək müharibəni dayandırmağın tərəfdarı olduğunu bildirir.
Bizim İsrail dövləti ilə də münasibətlərimiz yükcək səviyyədədir. Dostluq və ticari əlaqələrimiz var. “Porter düzəlişi” kimi cəfəng haqsızlığa, Avropanın bizə özümüzü müdafiə üçün silah satmadığı zaman kəsiyində İsrailin dəstəyini heç vaxt unuda bilmərik. Otuz ilə yaxın müharibə acısı çəkmiş xalq olaraq biz silahların susmasını arzu edirik. Vətənimizin, hətta indi sərhədlərimiz xaricində olan tarixi vətənimizin səmalarının aydın və barıt qoxusuz olmasını istəyirik.
Tarixi vərəqləyərək I Qubadın məqsədinə çatması üçün Məzdəki hiyləgərliklə aldatmasını, Kərim xan Zəndin məkrindən doğan xəyanəti, Bağır xan aldanışını, Xiyabani tərəddüdlərindən sui istifadə edilməsini, böyük oyunların Pişəvəri təəssüfündəki təzahürün mahiyyətini dərk etmək çətin deyil. Eynən də dünəndən rişələnən bugünkü olay göz önündədir. Ancaq gələcəkdə bizi nə gözləyir, bax onu praqnoz etmək çox çətindir. Nə Qərb maraqları diktəsində mürəkkəb siyasi gedişləri ilə öz məqsədlərindən əl çəkən deyil, nə də Dara dövründən günümüzədək iddialıq məkrini davam etdirənlər.
Bizim arzumuz sülhdür. 1978-1979-cı illərdə İran inqilabının Azərbaycan türklərinə azadlıq gətirəcək aldanışında qətlə yetirilən on minlərlə soydaşımızın ruhu narahatdır. Kaş növbəti böyük oyunda qurbansız ötüşməyimiz ola.
Azərbaycan bütövlükdə güldandırsa, Cənubi Azərbaycan bu güldanın ətirli gülüdür. O gülün ləçəkləri Təbriz, Ərdəbil, Xoy, Marağa, Qaradağ, Maku od atəşində solmasını arzu etmirik. Nə olur olsun, güldanımız gülsüz, gülümüz güldansız olmasın!
Pərviz Yəhyalı