İran İsrail rəsmilərinə sui-qəsd edə bilər

İran və Hizbullahın yüksək vəzifəli İsrail rəsmilərinə sui-qəsd təşkil edə biləcəyi iddia edilir.

Gununsesi.info Yediot Aharonot-ə istinadən xəbər verir ki, İran və Hizbullahın yüksək səviyyəli şəxslərə sui-qəsd cəhdi ola biləcəyi iddiası dünən toplanan İsrail Təhlükəsizlik Kabinetində gündəmə gətirilib.

Bildirilir ki, Təhlükəsizlik Kabinetinin iclasında iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-dəTehranda həyata keçirilən sui-qəsdlərə görə İran və Hizbullahın mümkün cavab tədbirləri müzakirə edilib.

İran və Hizbullahın cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etmək əvəzinə, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsd cəhdi edə biləcəyi qiymətləndirilib.

Yüksək səviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə xəbərdarlıq ediblər ki, “İran və Hizbullah sui-qəsd cəhdi edə bilər”.

Xatırladaq ki, İsrail ordusunun iyulun 30-da Beyrutda həyata keçirdiyi hava hücumunda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükür həlak olub.

Bu hücumdan bir neçə saat sonra HƏMAS lideri Haniyə iyulun 31-də Tehranda öldürülüb.

İran və HƏMAS Haniyənin qətlinin arxasında İsrailin olduğunu bildirsə də, Tehran hücuma cavab verəcəyini açıqlayıb.

 

 

Şəbnəm

Gununsesi.info