NATO Rusiyanın Kursk bölgəsində baş verənlərə reaksiyasını qiymətləndirib

Rusiya hələ də Ukraynanın Kursk bölgəsindəki əməliyyatına reaksiya formalaşdırmağa çalışır, indiyədək bu reaksiya ləng və dağınıq olub. 

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli deyib.

Kavolinin sözlərinə görə, Rusiyanın reaksiyası bir neçə amillə bağlıdır. Birincisi, Rusiya Federasiyası daxilində hərbi əməliyyatlara kimin cavabdeh olması lazım olduğunu anlamamaq, ikincisi, Rusiyanın Kursk bölgəsində yerləşdirə biləcəyi qoşunların olmaması.

“İndiyə qədər bu, olduqca yavaş cavab oldu. Bu qismən ona görədir ki, Rusiya Rusiya daxilində hərbi əməliyyatlara görə kimin məsul olduğunu başa düşmür”, – deyə Kavoli bildirib.

Kavoli qeyd edib ki, Rusiyada Ukrayna qüvvələrinə müqavimət göstərə biləcək qalan bölmələr nəzəri və hüquqi cəhətdən Ukraynada döyüşmək qadağan edilmiş çağırışçılardır.

“Müvafiq olaraq, söhbət tez reaksiya gözlənilən döyüş bölmələrindən getmir”, – deyə NATO sözçüsü bildirib.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb ki, Rusiya hakimiyyəti Kursk bölgəsinə çoxlu sayda hərbi hava qüvvələri yerləşdirib, lakin nə qədər quru qüvvələrinin cəlb olunacağı və bunun hansı effekti verəcəyi məlum deyil.

Kavoli əlavə edib ki, Ukraynanın hərbi, texniki və taktiki baxımdan nümayiş etdirdiyi yeniliyə heyran qalıb.

 

 

 

Afət

Gununsesi.info