
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyevlə görüşüb.
Gununsesi.info xəbər verir ki, BDU-da olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdıran rektor tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
O qeyd edib ki, Mexanika-riyaziyyat fakültəsi Azərbaycanda riyaziyyat elminin əsas məbədidir. Tətbiqi elmlər üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin stimullaşdırılması BDU-nun əsas prioritetləri sırasındadır. Qeyd edək ki, Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU-nun Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub. Olimpiada avqustun 5-dən 11-dək Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib.
Tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.
Gununsesi.info