
Berkli Kaliforniya Universitetinin mühəndisləri simsiz idarə oluna və hədəfə doğru istiqamətləndirilə bilən cəmi 1 santimetr ölçüsündə dünyanın ən kiçik uçan robotunu hazırlayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, arıların hərəkətlərindən ilhamlanan robot havada uça, istiqamətini dəyişə və kiçik hədəfləri vura bilir.
Cəmi 21 milliqram ağırlığında olan bu robot həm də idarə olunan uçuş qabiliyyətinə malik ən kiçik simsiz robotdur.

Robotun uçuş qabiliyyəti onun içindəki iki kiçik maqnitlə təmin edilir. Xarici olaraq tətbiq olunan maqnit sahəsi bu maqnitləri aktivləşdirir və robotun fırlanmasına səbəb olur. Bu fırlanma hərəkəti robotu yerdən havalanmasına yetəcək qədər qaldırma qüvvəti yaradır.
Uçuş istiqaməti və sürəti maqnit sahəsinin gücünü tənzimləməklə idarə oluna bilər. Bu yolla robotu müəyyən edilmiş hədəfə yönəltmək mümkün olur.
Mexanika Mühəndisliyi professoru və tədqiqatın baş müəllifi Liwei Lin bildirib ki, arıların havada qalması və tozlanma kimi qeyri-adi uçuş qabiliyyəti var.
“Bizim inkişaf etdirdiyimiz robot arı çiçəkdən nektar toplayıb uçduğu kimi hədəfə doğru istiqamət götürüb geri qayıda bilir”.
Tədqiqata töhfə verən mühəndis Fanpinq Sui, bu tip robotların kiçik məkanları araşdırmaq və dar sahələrə daxil olmaq kimi vəzifələr üçün istifadə oluna biləcəyini bildirib. O, həmçinin süni tozlandırma və ya boruların içini yoxlamaq kimi kənd təsərrüfatı tətbiqlərində faydalı ola biləcəyini söyləyib.
Hal-hazırda robotun işləməsi üçün güclü elektromaqnit sahəsi tələb olunsa da, ölçüsü 1 millimetrdən aşağı salındıqda daha zəif sahələrlə idarə oluna biləcəyi bildirilir. Bu, radio dalğaları ilə idarə oluna bilən mikrorobotlara yol aça bilər.
Tədqiqat qrupu qarışqaya bənzər kooperativ robot sürüləri üzərində də işləyir. Bu robotlar zəncirlər yarada və təkbaşına edə bilməyəcəkləri işləri birlikdə yerinə yetirə bilər.
Komanda bu cür robotların tibb sahəsində, xüsusən də minimal invaziv əməliyyatlarda istifadə oluna biləcəyini düşünür.
Günel Həsənova