Vatikan: Papanın sağlamlıq vəziyyəti dəyişməz olaraq qalır

  • By Admin2
  • 03 Mart 2025 14:41

Fevral ayının əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 17 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın son vəziyyəti ilə bağlı Vatikandan yeni açıqlama verilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verirlir ki, məlumatda “Papanın kliniki vəziyyəti bu gün stabil olaraq qalıb. Papa mexaniki ventilyasiyaya ehtiyac duymayıb, yalnız yüksək axınlı oksigen terapiyası alıb. Onun da hərarəti yoxdur” deyilir. Açıqlamada bildirilib ki, klinik mənzərənin mürəkkəbliyi səbəbindən həkimlər xəstəliyin gedişatına ehtiyatlı yanaşıblar.

Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.

Fevralın 14-də Papanın tənəffüs yollarında polimikrob infeksiyası aşkar edilib. Vatikan fevralın 18-də Papaya ikitərəfli pnevmoniya diaqnozu qoyulduğunu açıqlayıb.

Papanın həkimləri fevralın 21-də verdikləri açıqlamada Papa Fransiskin təhlükədən tam xilas olmasa da, onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Papa fevralın 22-də növbəti dəfə astma tutması keçirib və vəziyyəti ağırlaşıb. Fevralın 24-də Papa Fransiskin səhhətinin kritik olaraq qaldığını, lakin cüzi yaxşılaşmanın müşahidə edildiyini bildirən Vatikan, fevralın 25-də onun vəziyyətinin kritik, lakin stabil olduğunu da açıqlayıb.

Vatikan fevralın 26 və 27-də Papanın vəziyyətinin yaxşılaşdığını bildirib.

Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papanın bronxoaspirasiya və mexaniki ventilyasiyaya məruz qaldığını və müalicədən müsbət cavab alındığını qeyd etmişdi. Papanın vəziyyəti dünən stabil olaraq qalıb.

Papa Fransisk 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və kolondan əməliyyat olunub. Dizindəki ağrı səbəbiylə əlil arabasından istifadə edən Papa son dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmə əməliyyatı üçün iki dəfə müalicə olunub.

Orxan

Gununsesi.info