
UFO nəzəriyyələrinin diqqət mərkəzində olan 51-ci Sahədə ortaya çıxan üçbucaq formalı qüllə sosial mediada trend mövzusu oldu. İlk dəfə Google Maps-də görülən quruluş, yadplanetlilərlə təmasdan tutmuş radar testlərinə qədər bir çox nəzəriyyənin mövzusudur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nevada səhrasında yerləşən və 1955-ci ildə inşa edilən 51-ci sahə əsrarəngiz quruluşu ilə yenidən gündəmə gəlib. Google Maps-də görünən üçbucaqlı qüllə internet istifadəçilərini ikiyə bölüb.
Bəziləri strukturu yadplanetlilərin texnologiyasına bənzədirsə də, ekspertlər qüllənin əslində sırf hərbi məqsədə xidmət etdiyini bildirir.
Las-Veqasın təxminən 130 kilometr şimal-qərbində yerləşən bu tikili qısa zamanda sosial mediada trend mövzusuna çevrildi.
İstifadəçilər qülləni hava təmizləyicisi, televizorun pultu və hətta Toblerone çubuğuna bənzətdi, Reddit və Facebook-da yayılan nəzəriyyələr isə vəziyyətin əhatə dairəsini daha da böyüdüb. Bəzi istifadəçilər hətta qüllənin “yadplanetlilərlə təmas nöqtəsi” olduğunu iddia edirdilər.
Ancaq ekspertlərin fikrincə, həqiqət çox fərqlidir. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən bu struktur Radar Kesiti (RCS) testləri üçün nəzərdə tutulmuşdur. Bu sınaqlarda radar sistemlərinin obyektləri nə dərəcədə aşkar etdiyini ölçmək üçün qüllənin üzərinə təyyarə prototipləri və ya modelləri quraşdırılır.
Daily Mail-in məlumatına görə, qüllənin hündürlüyü 45 ilə 58 metr arasında dəyişir və təxminən 20 il əvvəl tikilib. Strukturun mövcudluğu ABŞ hökuməti tərəfindən yalnız 2013-cü ildə rəsmən etiraf edilib.
Orxan