Zəngəzur layihəsi ətrafında yeni proseslər: 2027-ci il nə ilə yadda qalacaq?

Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi üçün hazırlıqları davam etdirir. Layihə çərçivəsində nəqliyyat xəttinin qorunması və ABŞ şirkətləri ilə əməkdaşlıq nəzərdə tutulur.

Bununla yanaşı, yeni Konstitusiya və referendum məsələsi Paşinyan hakimiyyəti qarşısında əlavə çətinliklər yaradır. Müxalifətin etirazları da bu prosesə təsir edir.

Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılacağını bildirib.

Onun sözlərinə görə, hazırda Sünik vilayətində tikinti üçün ərazi hazırlanır, ilkin araşdırmalar və mühəndislik işləri aparılır. Dəmir yolunun keçəcəyi marşrut artıq müəyyənləşdirilib.

Kostanyan qeyd edib ki, 2027-ci il layihənin genişmiqyaslı tikinti mərhələsi olacaq.

Maraqlıdır, Ermənistan hakimiyyəti TRIPP layihəsi ilə bağlı öhdəlikləri yerinə yetirməklə yanaşı, daxili siyasi maneələri necə aradan qaldıracaq? Paşinyan hökuməti yeni Konstitusiya və referendum məsələsində müxalifətin etirazlarına baxmayaraq, başladığı prosesi davam etdirə biləcəkmi?

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzunu belə şərh edib:

“TRIPP layihəsinin yenidən gündəmə gəlməsi Ermənistanın daxili siyasi prosesləri, xüsusilə parlament seçkiləri ərəfəsində baş verən hadisələrlə bağlıdır. Paşinyan hakimiyyətinin bir sıra dövlətlərin rəhbərləri ilə apardığı danışıqlar və əldə olunan razılaşmalar bu layihənin yenidən müzakirə olunmasını sürətləndirdi. 8 avqust 2025-ci ildə ABŞ-də üç ölkə rəhbərinin iştirakı ilə keçirilən görüşdə əldə olunan razılaşmalar isə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ oldu.

Burada əsas məsələ Zəngəzur və Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin Ermənistan ərazisindən keçməklə yaradılmasıdır. Layihənin reallaşması ilə bağlı hər bir dövlətin öz maraqları var. Bu baxımdan, Azərbaycanın, ABŞ-nin və Ermənistanın layihədən hansı üstünlükləri əldə edəcəyi xüsusi əhəmiyyət daşıyır.

Ermənistanın daxili siyasi vəziyyəti kifayət qədər gərgindir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti nəqliyyat əlaqələrinin açılmasını ölkənin iqtisadi blokadadan çıxması üçün mühüm imkan kimi təqdim edir. Ermənistan vaxtilə fəaliyyət göstərmiş dəmir yolu və avtomobil yollarının, eləcə də digər nəqliyyat əlaqələrinin bərpasında maraqlıdır. Bu yolla ölkə iqtisadi vəziyyətini yaxşılaşdırmağa, siyasi və hərbi baxımdan mövqelərini gücləndirməyə çalışır.

ABŞ-nin maraqları isə daha genişdir. Vaşinqton İran və Rusiyadan yan keçən nəqliyyat xəttinin yaradılmasında, eyni zamanda Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsində maraqlıdır. Bu layihə ABŞ-yə regionda iqtisadi, siyasi və təhlükəsizlik sahələrində təsir imkanlarını artırmaq üçün şərait yarada bilər”,-deyə deputat əlavə edib.

O vurğulayıb ki, Azərbaycan üçün əsas məqsəd ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasıdır.

“Bu, Türkiyə ilə əlaqələrin genişlənməsinə, oradan isə Avropa istiqamətində yükdaşımaların və nəqliyyat imkanlarının inkişafına şərait yaradacaq.

Digər mühüm məsələ marşrutun təhlükəsizliyi ilə bağlıdır. Nəzərdə tutulan nəqliyyat xətti Ermənistanın İranla sərhədinə yaxın ərazidən keçir. Hazırda həmin sərhədin mühafizəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları iştirak edir. Ermənistan tərəfi isə öz sərhədlərinə nəzarəti tam şəkildə öz üzərinə götürmək istəyir. Bu baxımdan, layihənin həyata keçirilməsi Rusiyanın sərhəddəki mövcudluğunun gələcəyi məsələsini də gündəmə gətirir.

Mətbuatda dəhlizin təhlükəsizliyinin ABŞ-nin özəl mühafizə şirkətləri tərəfindən təmin ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin burada söhbət ABŞ-nin əraziyə hərbi qüvvə yerləşdirməsindən getmir. Əsas məsələ nəqliyyat xəttinin giriş və çıxış nöqtələrinin, eləcə də marşrut boyunca hərəkətin təhlükəsizliyinə təminat verilməsidir. Məqsəd daşımaların fasiləsiz həyata keçirilməsi və mümkün insidentlərin qarşısının alınmasıdır. Bu çərçivədə müəyyən mühafizə vasitələrindən istifadə edilməsi də istisna olunmur.

Rusiyanın da layihə ilə bağlı maraqları var. Hazırda Moskva xarici məhdudiyyətlərin təsirini azaltmaq üçün alternativ nəqliyyat və ticarət yollarından istifadə etməyə çalışır. Bu baxımdan, Zəngəzur istiqamətində yaradılacaq nəqliyyat xətti Rusiya üçün də əlverişli imkanlar aça bilər. Rusiya aparılan danışıqlar və əldə ediləcək razılaşmalar əsasında bu marşrutdan yükdaşımalar və daşınma sahəsində yararlana bilər.

Hətta özəl şirkətlər arasında da qarşılıqlı razılaşmaların əldə olunması mümkündür. Daşımaların həyata keçirilməsində həm Azərbaycan, həm də Rusiya şirkətləri iştirak edə bilər. Bu istiqamətdə müxtəlif əməkdaşlıq imkanları mövcuddur.

Hesab edirəm ki, TRIPP layihəsinin tikintisinə 2027-ci ildə başlanılacaq. Ehtimal edirəm ki, işlərə yaz aylarından start veriləcək”.

Arzu Nağıyev Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə də toxunub:

“Bu istiqamətdə hazırlıq işləri aparılır və sərhədin açılması üçün müəyyən addımlar atılıb. Lakin əvvəldən də bu prosesin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılı olacağı bildirilirdi.

Hazırda isə qarşıda bir neçə mühüm mərhələ dayanır. İlk növbədə Ermənistanda referendum keçirilməli, daha sonra Konstitusiyaya dəyişiklik edilməli və sülh müqaviləsi imzalanmalıdır. Yalnız bundan sonrakı mərhələdə Türkiyə-Ermənistan sərhədinin açılması mümkün ola bilər.

Nəticə etibarilə, TRIPP layihəsi region ölkələri üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər. Layihənin həyata keçirilməsi isə tərəflər arasında razılaşmaların əldə olunmasından və sülh prosesinin irəliləməsindən asılıdır”.

Afət Abbasova

Gununsesi.info