“Bu gün İranı narahat edən əsas məsələ Azərbaycanın artan nüfuzu, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı və Azərbaycanın Ermənistanla münasibətlərini yaxınlaşdırmasıdır. İran istəmirdi ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma baş versin. Çünki bu yaxınlaşma nəticəsində iki qitə arasında əlaqələrin Azərbaycan üzərindən qurulması mümkün olacaq”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Bu gün İran iqtisadi sanksiyalar altındadır. Belə vəziyyətdə bu ölkənin ərazisindən yük daşımalarının hansı səviyyədə həyata keçirildiyi də sual doğurur. İran Prezidenti iqtisadi vəziyyətlə bağlı çətinliklərdən danışır. Donald Tramp isə son açıqlamalarından birində İranda güc yolu ilə hakimiyyət dəyişikliyini nəzərdə tutmadığını bildirib. Burada “güc yolu ilə” ifadəsinin işlədilməsi diqqət çəkir. Yəni hərbi müdaxilə yolu ilə buna nail olmaq mümkün olmadı. Belə cəhdlər olsa da, nəticə vermədi”.
O əlavə edib ki, iqtisadi təzyiqlər nəticəsində ölkə daxilində narazılıqların artması mümkündür:
“Ən azı bir-iki aydan sonra İranda yeni etiraz dalğasının baş verməsi ehtimalı var. Belə olan halda, etirazlar yerli əhalinin təşəbbüsü ilə başlasa, Trampın mövqeyi necə olacaq? Ötən ilin yanvarında İranda minlərlə insan etiraz aksiyalarına çıxarkən Tramp “Kömək gəlir” demişdi. İndi isə güc yolu ilə hakimiyyət dəyişikliyini istəmədiyini bildirir. Burada birbaşa ziddiyyət olmasa da, açıqlamaların ardıcıllığı göstərir ki, İran indiki vəziyyətdə ilk növbədə öz əhalisinin sosial vəziyyəti barədə düşünməlidir.
Azərbaycan heç vaxt qonşularına qarşı yanlış addım atmayıb. Bununla belə, qonşularımızın bizə qarşı yol verdiyi çoxsaylı yanlış addımların şahidi olmuşuq. Bizdən arxayın olsunlar. Azərbaycan heç kəsi arxadan vurmaz. Kiməsə sözümüz varsa, bunu birbaşa üzünə deyərik. Heç kimdən də çəkinmərik”.
Şəbnəm












