İşçi axtarırlar, yoxsa ucuz qiymətə insan əməyini istismar etmək istəyirlər?

  • 27 Noyabr 2026 12:31

“Nəzarətçi tələb olunur(bəy)

Nəzarətçi iş saatları -Bir gündən bir, saat 9.00-dan 22.00-a qədər.

Əmək haqqı:  500 azn

AR əmək məcəlləsinə əsasən sənədləşmə

Yaş həddi: 30-45 kişi namizəd

Vəzifəsi:

Rus dili və Ofis proqramlarını bilənlərə üstünlük verilir. Gələn müştəriləri xoş qarşılamalı, öz işində məsuliyyətli və punktual olmalı

Ünvan: Nizami rayonu Neftçilər m. ərazisi (metrodan 10 dəqiqəlik məsafə)

Qeyd: Şəkilsiz cv-lərinizə baxılmayacaq”.

Belə bir iş elanı paylaşılıb sosial şəbəkədə.

Əlbəttə, bu, ilk deyil və görünən odur, son da olmayacaq.

Bu iş elanı əmək qanunvericiliyi və əmək münasibətlərinin etikası baxımından ciddi suallar doğurur.

Burada əsas problem heç təkcə 500 manat əməkhaqqı deyil. Problem işəgötürənin işçidən tələb etdiyi əmək, vaxt və şəxsi keyfiyyətlərin qarşılığında təklif etdiyi şərtlərin qeyri-mütənasibliyidir.

Belə elanlar əmək bazarında getdikcə adiləşən bir yanaşmanı göstərir. İşçi axtarılır, amma onun əməyinin dəyəri, istirahət hüququ və şəxsi ləyaqəti sanki nəzərə alınmır.

Gəlin hüquqi tərəfinə baxaq.

1. İş vaxtı: əsas hüquqi problem

Elana görə işçi bir gündən bir işləyəcək.

Səhər saat 09:00-dan axşam 22:00-dək iş yerində olacaq.

Hər növbədə 13 saatını işə sərf edəcək.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən normal gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz.

Növbəli iş rejimində iş vaxtının cəmlənmiş uçotundan istifadə mümkündür. Lakin 96-cı maddəyə görə bu halda da gündəlik növbə 12 saatdan artıq ola bilməz və uçot dövründə ümumi iş vaxtı qanuni normanı aşmamalıdır.

Burada vacib bir məqam var. Çünki nahar fasiləsi iş vaxtına daxil edilmir. Buna görə elanda fasilənin müddəti və işçinin həmin fasilədən sərbəst istifadə edə bilməsi göstərilməlidir.

Hesablayaq. Bir gündən bir 13 saatlıq növbə ildə təxminən 182-183 iş günü deməkdir. Bir saatlıq ödənişsiz fasilə nəzərdə tutulsa belə, illik faktiki iş vaxtı təxminən 2190 saata çatır. Halbuki 2026-cı il üçün normal illik iş vaxtı 1922 saatdır.

Bu, təxminən 268 saatlıq fərq yaradır. Həmin artıq saatların qanuni uçotu və ödənilməsi məsələsi mütləq həll edilməlidir. İş vaxtından artıq işə görə ödəniş Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən ən azı ikiqat olmalıdır.

Bəs 500 manat əməkhaqqı qanunidirmi?

2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Deməli, 500 manat nominal olaraq minimum əməkhaqqından çoxdur.

Amma burada başqa sual meydana çıxır. 500 manat hansı iş vaxtının qarşılığında verilir?

İşçi ay ərzində təxminən 15 gün, hər dəfə 13 saat iş yerində olmalıdır. Bu, ayda təxminən 195 saat iş yerində olmaq deməkdir.

500 manatı 195 saata bölsək, təxminən 2 manat 56 qəpik edir. Bu hesab fasilənin çıxılmadığı sadə müqayisədir.

Beləliklə, minimum əməkhaqqından yüksək məbləğ göstərilməsi işəgötürəni artıq iş saatlarına görə qanuni ödəniş etmək öhdəliyindən azad etmir.

Yaş həddi: 30-45, kişi namizəd.

Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində yaşa və cinsə görə, işçinin peşəkarlığı və işgüzar keyfiyyətləri ilə əlaqəsi olmayan ayrı-seçkiliyi qadağan edir.

Əgər işin xarakteri obyektiv olaraq müəyyən cinsə və ya yaş qrupuna aid olmağı tələb etmirsə, belə məhdudiyyətlər ayrı-seçkilik əlaməti daşıyır.

Maraqlıdır, nəzarətçi vəzifəsində çalışmaq üçün insanın mütləq 30-45 yaşlarında kişi olması hansı peşə zərurətindən irəli gəlir?

Rus dilini bilmək, ofis proqramlarından istifadə etmək, məsuliyyətli və punktual olmaq peşə tələbləridir. Kişi olmaq və 30 yaşını keçmək isə bu elanda izah edilməyən şəxsi meyarlardır.

Bir sözlə, indiki dövrdə bu və bu cür elanlar yığışmalı, istismara son qoyulmalıdır.

İş axtaran insanın ehtiyacından istifadə etmək sahibkarlıq uğuru deyil. Bu, sosial məsuliyyətsizlikdir.

Elmar

Gununsesi.info