Almaniyada müəyyən məscidləri ziyarət etmək vətəndaşlıq almaq istəyən şəxslər üçün çətinlik yarada bilər.
Gununsesi.info xəbər verir ki, Bavariya Konstitusiyanı Mühafizə Xidməti Rozenhaym şəhərində yerləşən “Al-Madina” məscidinə diqqəti artırıb.
Buna səbəb məsciddə sələfi cərəyanına aid edilən vaizlərin çıxışlarıdır. Bununla belə, məscid icmasının nəzarət altında olmadığı və Almaniyanın Əsas Qanununa sadiqliyini bəyan etdiyi bildirilir.
Vəkil Martin Hayzinq bildirib ki, müəyyən məscidlərlə əlaqələrin olması vətəndaşlıq almaq prosesini çətinləşdirə bilər. Lakin onun sözlərinə görə, bir dəfə həmin məscidə getmək şəxsin radikal baxışlara malik olduğunu sübut etmir.
“Counter Extremism Project” təşkilatının eksperti Hans-Yakob Şindler də hesab edir ki, mübahisəli vaizin ayrı-ayrı çıxışları bütövlükdə həmin icmanın radikal yönümlü olduğunu göstərmir.











