Valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi təklif olunur.
Bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Deputat Ailə Məcəlləsində aliment öhdəliyi ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini vurğulayıb:
“Valideynlərini itirmiş, yaxud valideynlərindən birini itirmiş və digər valideyni əlilliyi olan uşaqlara dövlət büdcəsindən verilən müavinət həmin uşaqlar ali məktəbdə təhsil aldıqları halda 23 yaşınadək davam etdirilir. Amma ailədə nikah pozulduğu halda valideynlər alimenti 18 yaşadək ödəyirlər. Övlad hətta ali məktəbdə oxuduğu halda belə, ona aliment verilmir. Bu məsələ yalnız könüllü qaydada həll oluna bilər. Dövlətimiz bu ağır yükü öz üzərinə götürərək həmin uşağa təhsil aldığı müddətdə 23 yaşınadək müavinət ödəyirsə, nədən valideyn ali məktəbə daxil olan övladına təhsil müddətində aliment verməsin?”.
Deputat Məlahət İbrahimqızının ali təhsil alan övladlara münasibətdə aliment öhdəliyinin 18 yaşdan sonra da davam etdirilməsi ilə bağlı təklifi, əslində, təkcə ailə qanunvericiliyinə aid məsələ deyil. Bu, cəmiyyətin ailəyə, valideyn məsuliyyətinə, təhsilə və sosial ədalətə münasibətini ortaya qoyan mühüm müzakirə mövzusudur.
Məncə, təklifin özü kifayət qədər məntiqli və ədalətlidir. Çünki 18 yaş insanın hüquqi baxımdan yetkin hesab edilməsi deməkdir, lakin bu, onun iqtisadi müstəqillik qazandığı, özünü tam təmin edə bildiyi anlamına gəlmir. Xüsusilə ali təhsil alan gəncin həyatında 18-23 yaş aralığı ən çox dəstəyə ehtiyac duyduğu dövrlərdən biridir. O, bir tərəfdən təhsil alaraq gələcəyini qurmağa çalışır, digər tərəfdən yaşayış, qidalanma, nəqliyyat, təhsil və digər gündəlik xərclərini qarşılamaq məcburiyyətində qalır.
Belə bir vəziyyətdə valideynlərin nikah münasibətlərinin pozulması övladın sosial təminatına mənfi təsir göstərməməlidir. Axı valideynlər boşanırlar, övladlarından yox. Nikahın pozulması valideynlik məsuliyyətinin də sona çatması demək deyil.
Burada daha bir ziddiyyət diqqət çəkir. Dövlət valideynlərini itirmiş və ya müəyyən sosial kateqoriyalara aid uşaqların ali təhsil aldıqları müddətdə 23 yaşınadək sosial təminatını davam etdirirsə, ailəsi dağılmış, valideynlərindən biri ilə yaşayan gəncin niyə oxşar dəstəkdən məhrum qalması sual doğurur. Əlbəttə, dövlət müavinəti ilə valideyn alimenti hüquqi baxımdan fərqli institutlardır. Ancaq hər ikisinin arxasında dayanan əsas prinsip eynidir: gəncin təhsil və inkişaf imkanlarının qorunması.
Digər tərəfdən, bu təşəbbüsün qanunvericiliyə daxil edilməsi zamanı müəyyən məhdudiyyətlər və meyarlar da nəzərdə tutulmalıdır. Məsələn, aliment öhdəliyi yalnız əyani təhsil alan, əmək qabiliyyətli olsa da, təhsil səbəbindən özünü yetərincə təmin edə bilməyən övladlara şamil edilə bilər. Təhsilin real davam etdirilməsi, valideynin maddi vəziyyəti və digər övladlarının maraqları da nəzərə alınmalıdır. Öhdəlik valideynlər arasında ədalətli bölüşdürülməli, alimentin məbləği isə hər bir ailənin sosial və iqtisadi vəziyyətinə uyğun müəyyən edilməlidir.
Əlbəttə, bu qanunvericilik dəyişikliyi boşanmış valideynlərdən birini cəzalandırmaq vasitəsinə çevrilməməlidir. Məqsəd valideynlər arasındakı münaqişəni uzatmaq deyil, övladın təhsil hüququnu və gələcəyini qorumaq olmalıdır.
Bəzən cəmiyyətimizdə valideynlik məsuliyyəti yalnız uşağın 18 yaşınadək təmin edilməsi ilə eyniləşdirilir. Halbuki valideyn olmaq sadəcə uşağın müəyyən yaşa çatmasına qədər onun maddi ehtiyaclarını qarşılamaq deyil. Valideynlik həm də övladın həyata hazırlanmasına, ayaqları üstündə dayanmasına, müstəqil fərd kimi formalaşmasına dəstək olmaqdır.
Bir gəncin universitetə daxil olması onun artıq bütün problemlərini özü həll edə biləcəyi anlamına gəlmir. Əksinə, o, cəmiyyətə faydalı mütəxəssis kimi yetişmək üçün vaxt və resurs sərf edir. Onun təhsilini yarımçıq qoymaması, maddi çətinliklər üzündən gələcəyindən imtina etməməsi həm ailənin, həm də dövlətin marağında olmalıdır.
Təklifi dəstəkləyirəm. Çünki valideynlərin boşanmaq hüququ olduğu kimi, övladların da valideynlərinin boşanmasının mənfi sosial və iqtisadi nəticələrini daşımaq məcburiyyətində qalmamaq hüququ olmalıdır.
Valideynlərin nikahı bitə bilər, amma valideynlik məsuliyyəti bitməməlidir.
Elmar












