Tarix boyu əksər toplumlarda ən hörmətli peşələrdən biri həkim sənəti hesab olunub.
Elə özümüzün də yaşadığımız zaman kəsiyində (hələ uşaqlıq illərimizdən) yaddaşımıza hopan o olub ki, insanlara şəfa verən həkimlər cəmiyyətdə əziz tutulub, hörmət, izzət sahibi sayılıblar. Zaman-zaman mətbuatda və bədii ədəbiyyatda da həkim peşəsi, onun müqəddəsliyi, bu peşənin şərəfli daşıyıcıları haqqında çoxsaylı bədii, publisistik yazılar dərc edilib. El-obada həkim və müəllimin yeri həmişə məclisin başında olub. Düşünürəm ki, nə qədər ki, normal cəmiyyət mövcuddur, insanlıq da öz mənliyini qoruyub saxlaya bilirsə, o qədər də müəllimlərin və həkimlərin xeyirxah xidmətləri uca tutulacaq.
Bu günümüzün acı bir reallığını da xatırladım ki, yaşadığımız zaman kəsiyində ekoloji sistemin müxtəlif səbəblər üzündən sürətlə çirkələnib məhvərindən çıxdığı, keyfiyyətsiz qidaların insan sağlamlığı üçün ciddi təhlükəyə çevrildiyi və digər məişət problemləri üzündən xəstəliklər, eləcə də xəstələrin sayı sürətlə artmaqdadır. Məhz belə kritik bir zaman kəsiyində savadlı və öz işinin peşəkarı olan həkimlərə daha çox ehtiyac duyuruq. Onu da unutmayaq ki, bu gün ölkənin ən strateji sahələrindən biri sayılan səhiyyə sistemi ictimaiyytin də ən çox diqqətindədir.
Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşandan sonra səhiyyə sistemində də xeyli yeniliklər və dəyişikliklər baş verdi. Düzdür, bu sahədə hələ də həllini gözləyən bir çox problemlər qalsa da, proseslərin gedişi səhiyyənin sabahı ilə bağlı nikbin ümidlər yaradır. Düşünürəm ki, səhiyyədə ən böyük problemlərdən biri hələ də sadə vətəndaşların tibbi müalicənin bütün sahələrinə əlçatanlığı ilə bağlı mövcud olan bəzi maneələrdir. İcbari tibbi sığortanın cəmiyyətdə dayağı artıqca bu problemin də nə vaxtsa həll olunacağına ümid edə bilərik.
Sovet hakimiyyəti illərində dövlət xəstəxanalarının pulsuz xidmətlərinə öyrəşmiş ölkə insanı müstəqillik dövründə fəaliyyətə başlayan özəl xəstəxanaların ödənişli xidmətlərini bir müddət həzm edə bilmədi. Zaman keçdikcə isə səhiyyə sistemində yeni rəqabət mühiti yaratmış özəl xəstəxanaların fəaliyyəti bu sahəyə yeni baxış və yanaşma formalaşdırmağa başladı. Daha güvənli və müasir tibbi avadanlıqlarla təchiz edilmiş özəl xəstəxanalarda müxtəlif xəstəliklərin müayinəsi zamanı daha dəqiq və çevik diaqnoz qoyulması “özəl xəstəxana” sindiromunu da tədricən aradan qaldırmağa başladı.
Tibb sahəsində baş verən ən böyük inqilabi dəyişikliklərdən biri deyərdim ki, son illər xarici ölkələrdə yüksək tibb təhsili almış savadlı və peşəkar gənc həkimlərin ölkə xəstəxanalarında çalışmaları ilə başladı. Xüsusilə qardaş Türkiyənin məşhur universitetlərində onlarla gənc soydaşımızın uzman həkim dərəcəsi alıb ölkə xəstəxanalarında uğurlu fəaliyyətə başlamaları, əhalinin sağlamlığı yolunda qollarını çırmalayıb ürəklə işə girişmələri respublikamızın tibb personalının tərkibini keyfiyyət baxımından xeyli gücləndirmiş oldu.
Sıradan bir vətəndaş olaraq hesab edirəm ki, həkimin həkimdən əsas üstünlüklərindən biri, bəlkə də birincisi xəstəylə təmasda özünü necə aparması ilə bağlıdır. Təsadüfi deyil ki, aqillərimiz xəstəni həkimin dərmanından daha çox onun şirin dilinin sağaltdığını deyiblər.
Haşiyə. Neçə müddət idi ki, böyrək daşından əziyyət çəkirdim. Sol böyrəyimdə qədərincə böyümüş daş məni çox incidirdi. On il əvvəl bu problem üzündən bir dəfə əməliyyat olunsam da, nəticəsu uğurlu alınmamışdı. Sonradan daş yenidən böyümüş və sağlamlığıma ciddi təhdid yaratmışdı. Son olaraq bir neçə həkimin qəbulunda olmuşdum və müayinələrin nəticəsi olaraq hamısının da yekdil fikri belə olmuşdu ki, təcili əməliyyat olunmalıyam. Həkim seçiminə gələndə isə çox götür-qoydan sonra dostların, tanışlarların yekun məsləhəti belə oldu ki, Gəncə Beynəlxalq Xəstəxanasında çalışan həmyerlimiz uzman həkim, uroloq-androloq cərrah Zamin Həşimov bu sahənin peşəkarıdır və elə əməliyyatı da ona elətdirim.
Zamin həkimi və ailəsini hələ qayğısız kəlbəcərli günlərimizdən tanıyırdım. Hər iki valideyni müəllim olan Zamin ziyalı bir ailənin yetirməsidir. Atası Kamran müəllim Kəlbəcərin işğalına qədər Zar kənd orta məktəbinin ən savadlı və peşəkar müəllimlərindən biri sayılırdı. Anası Gözəl müəllimə isə ibtidai siniflərdə dərs deyirdi və o da məktəbin qabaqcıl müəllimlərindən idi. Onun uşaqlıq dövrü Qarabağın işğal olunduğu ağır illərə təsadüf etdi. Zamin hələ uşaqlıqdan çətinliyin hər üzünü görmüşdü.
Kamran müəllimin ailəsi Kəlbəcərin işğalından sonra Gəncə şəhərində məskunlaşdı. O zaman və son illərə qədər də kəlbəcərli gənclərin hazıraşıb ali məktəblərə daxil olmalarında Kamran müəllim xeyli zəhməti çəkdi. Xüsusilə ali tibb təhsili almaq istəyənlərin çoxu bu ixtisasda əsas fənlərə hazırlaşmaq üçün Kamran müəllimə üz tutdular. Bu gün respublikada tanınmış bir sıra gənc həkimlərimizin üzərində Kamran müəllimin haqqı-sayı daha çoxdur. Necə deyərlər, ustad oğlu şəyird olmaz. Elə Zamin də atası Kamran müəllimin “şinelindən” çıxan uğurlu gənclərimizdən biri oldu. Zamin öncə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldu. Orada həkimlik təhsilini uğurla tamamladı. Bir müddət Milli Onkologiya Mərkəzində həkim kimi çalışdı. Sonradan 2009-2014-cü illərdə qardaş Türkiyədə Konya Universitetində Meram fakültəsində uroloq ixtisası üzrə uzmanlıq təhsili aldı. Uzmanlıq təhsilini başa vurub bir müddət Türkiyənin Bursa şəhərindəki Uludağ universitetində laparoskopik cərrahiyyə üzrə peşəsini davam etdirdi. 2015-2016-cı illərd Təkirdağdakı Star Medica xəstəxanasında uroloq kimi çalışdı. Vətənə döndükdən sonra Bakı şəhərindəki Grand Hospitalda uroloq peşəsini davam etdirdi. 2016-cı ildən Gəncə Beynəlxalq Xəstəxanasında uroloq-androloq cərrah vəzifəsində çalışmağa başladı.
Öncə qeyd etdiyim kimi, sol böyrəyimdə olan daş parçası sağlamlığım üçün böyük təhdidə çevrilmişdi. Yanımdan azacıq külək ötən kimi böyrəyimdə dəhşətli ağrılar baş qaldırır, nəfəsimi təngidirdi. Bəzən bu ağrılar saatlarla davam edirdi. Yay aylarını Göygöl rayonunda keçirdiyimdən özüm də qəti qərara gəldim ki, əməliyyatı Gəncə Beynəlxalq Xəstəxanasında Zamin həkimə elətdirim. Həkimlə danışıb vədələşdikdən sonra onun çalışdığı xəstəxanaya üz tutdum. Öncə müəyyən analizlər və müayinələrdən keçdikdən sonra həkim əməliyyat gününü təyin etdi.
Mən deyərdim ki, müalicənin uğurlu alınmasında əsas göstəricilərdən biri həkimin pasiyentlə münasibətindən çox asılıdır. Zamin Həşimovun xəstəylə təmasda göstərdiyi səmimi münasibət, bir həkim kimi təmkinli davranışı, əməliyyatla bağlı pasiyentə verdiyi ətraflı bilgi xəstədə ona olan inamı daha da artırır. Elə mənim əməliyyatım zamanı və orada olduğum müddətdə görüb şahidi olduğum digər səhnələr də həkimin öz sənətinə necə məsuliyyətlə yanaşdığının və peşəkarlığının təsdiqi idi.
Nəhayət, əməliyyat günü gəlib çatdı. Həkimin köməkçiləri Ramazan bəy və Lamiyə xanım lazım olan sənədləşmə işini və müayinə proseslərini çox mehribanlıqla həyata keçirib həkimə hər şeyin qaydasında olduğu barədə məlumat verdilər. Mənə çox xoş gələn məqamlardan biri də həkimin “komandasının” əlbirliyi ilə çalışmaları idi. Cərrahiyə otağına aparılanda özümün ciddi bir narahatçılığım olmasa da, Zamin həkimin “İlham dayı, heç bir narahatçılıq yoxdur, hər şey yaxşı olacaq”- deyə mənə ürək-dirək verməsi ona olan inamımı daha da artırdı.
Əməliyyat uğurla keçdi. Palatada tibb personalın xəstələrə göstərdikləri isti münasibətlər də yaddaşıma xoş duyğularla həkk olundu. Xüsusilə palata tibb bacısı Meyxanımın və həmkarlarının xəstələrə göstərdikləri qayğını bu gün də unutmamışam. Əksəriyyəti gənclər olan bu insanlar hər gün müxtəlif əməliyyatlardan çıxmış xəstələrlə çox mehriban və anlaşıqlı davranırdılar.
Əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalıb evə buraxıldım. Zamin həkim əməliyyatdan sonra qəbul edəcəyim dərmanları yazdıqdan sonra qarşıdsakı günlərdə nə edəcəyimi də ətraflı şəkildə mənə izah etdi. Günaşırı da zəng vurub səhhətimlə maraqlanır, yeni tövsiyyələrini verirdi. Bu gün ağrılardan xilas olmağıma və narahatçılıqlarıma son qoyulmasına görə həkim Zamin həkimin əllərinin şəfqətinə borcluyam.
Zamin Həşimovun bu gün Gəncə şəhərində və ətraf bölgələrdə ciddi nüfuz və həkim etibarı qazanıb. Artıq onun yanında müalicə almağa ətraf rayonlardan və respublikanın digər bölgələrindən üz tutan pasiyentlərin sayı da günbəgün artmaqdadır. Mən Gəncə Beynəlxalq Xəstəxanasında müalicə aldığım günlərdə şahidi oldum ki, Zamin Həşimovun qəbuluna üz tutan xəstələr buraya böyük ümid və inamla gəlirlər. Həkim hər bir xəstəni diqqətlə dinləyir, problemləri ilə ətraflı tanış olur, daha sonra pasiyentləri müəyyən müayinə proseslərindən keçirdikdən sonra digər həkim həmkarları ilə məsləhətləşib yekun qərarını verir. Həm də xəstənin orqanizmindəki ən həssas tərəflər nəzərə alınmaqla əməliyyata qədər mövcud olan problemlər maksimum dərəcədə aradan qaldırılır. Son sözü isə həkimin biliyi, təcrübəsi və şəfalı əlləri deyir. Elə biz də əllərin var olsun, həkim, deyirik. Həmişə bu müqəddəs və şərəfli işinizdə sizə sağlamlıq və uğurlar diləyirik.

İlham Məmmədli
yazıçı-jurnalist












