ABŞ senatoru Bernie Sanders ölkədə sərvət bərabərsizliyinin aradan qaldırılması üçün milyarderlərə 5 faizlik sərvət vergisi tətbiq edilməsini təklif edib.
Gununesi.info -nun xəbərinə görə, Sandersin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, ABŞ-da ən varlı 1 faiz əhalinin sərvəti ən aşağı gəlirli 93 faizin ümumi sərvətindən çoxdur.
Senator bildirib ki, İlon Maskın şəxsi sərvəti təkbaşına ABŞ ev təsərrüfatlarının ən aşağı gəlirli 53 faizinin ümumi sərvətindən artıqdır.
Sandersin sözlərinə görə, milyarderlərə tətbiq olunacaq 5 faizlik vergi amerikalıların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməlidir. O, bu vəsait hesabına aztəminatlı ailələrə birbaşa maliyyə yardımı göstərilməsini, 7 milyon əlçatan mənzilin tikilməsini, dövlət universitetlərində təhsilin pulsuz olmasını və milyonlarla uşaq üçün ödənişsiz uşaq baxımı sisteminin yaradılmasını təklif edir.
Qeyd edək ki, Bernie Sanders və konqresmen Ro Khanna 2026-cı il martın 2-də milyarderlərin sərvətinə illik 5 faizlik vergi tətbiqini nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər. Təklifə əsasən, bu vergi vasitəsilə 10 il ərzində təxminən 4,4 trilyon dollar vəsaitin dövlət büdcəsinə cəlb edilməsi nəzərdə tutulur.
Sanders paylaşımının sonunda Demokratlar Partiyasını təklifin qəbuluna nail olmağa çağıraraq, “Gəlin bunu həyata keçirək!” mesajını verib.












