Şübhəli şəxsi cinayətkar kimi təqdim etmək olmaz

Cinayət işi üzrə araşdırılan şəxslərin hüquqi statusunun mediada düzgün təqdim olunması vacib məsələlərdən biridir.

Eyni zamanda, həmin şəxslərin fotoşəkillərinin yayımlanması da qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir.

Bəs jurnalistlər bu məsələdə hansı qaydalara əməl etməlidirlər?

Gununsesi.info bildirir ki, məsələyə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli münasibət bildirib.

O qeyd edib ki, şəxs hələ şübhəli və ya təqsirləndirilən şəxs qismində prosesə cəlb olunubsa, onu cinayəti törətmiş şəxs kimi təqdim etmək olmaz.

“İlk növbədə, həmin şəxsin hansı hüquqi statusda istintaqa cəlb olunduğu dəqiq göstərilməlidir”,-deyə o əlavə edib.

Müşfiq Ələsgərli vurğulayıb ki, şəkillərin yayılmasına gəlincə, qanunvericiliyə əsasən, bu məsələdə ibtidai istintaqı aparan hüquq-mühafizə orqanının rəyi nəzərə alınmalıdır:

“Həmin orqanın rəyi olmadan ibtidai istintaqla bağlı məlumatların və təfərrüatların yayılmasına yol verilmir.

Lakin məsələ artıq ictimailəşibsə və cinayətdə şübhəli bilinən və ya təqsirləndirilən şəxsin şəkilləri açıq mənbələrdə mövcuddursa, həmin görüntülərin yayımlanmasına xüsusi məhdudiyyət və ya qadağa tətbiq edilmir”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info