Şəxsi məlumatların qorunması rəqəmsal dövrdə ən çox müzakirə olunan hüquqi məsələlərdən biridir.
Bəs vətəndaş dövlət orqanında saxlanılan şəxsi məlumatlarının silinməsini tələb edə bilərmi?
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, bu məsələyə hər bir hal üzrə ayrıca hüquqi qiymət verilir və bütün məlumatların silinməsi ilə bağlı ümumi hüquq mövcud deyil.
Onun sözlərinə görə, dövlət orqanları bir sıra şəxsi məlumatları qanunun tələbi ilə toplayır və müəyyən müddət ərzində saxlamağa borcludurlar. Belə məlumatların silinməsi hər zaman mümkün olmur.
Bununla yanaşı, hüquqşünas qeyd edib ki, əgər dövlət orqanı qanunsuz şəkildə məlumat toplayıbsa, məlumatın işlənməsi üçün hüquqi əsas aradan qalxıbsa və ya məlumat artıq məqsədə xidmət etmirsə, vətəndaş həmin məlumatın silinməsi, düzəldilməsi və ya məhdudlaşdırılması ilə bağlı müraciət edə bilər.
Şamil Paşayev bildirib ki, şəxs ilk növbədə məlumatı saxlayan dövlət orqanına yazılı və ya elektron qaydada müraciət etməlidir.
Müraciət təmin edilmədikdə isə qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya məhkəmə müdafiəsi vasitələrindən istifadə etmək mümkündür.
Onun sözlərinə görə, eyni zamanda dövlət orqanları yalnız qanunla müəyyən edilmiş məqsədlər üçün zəruri həcmdə şəxsi məlumat toplamalı və həmin məlumatların təhlükəsizliyini təmin etməlidirlər.
Orxan












