Polad Bülbüloğlunun Maliyyə Nazirliyinə əzələ nümayişi… - Kamil Şahverdi yazır...

  • 23 Noyabr 2026 12:58

Stalin dövründə keçirilən iclasları xatırıadan toplantının məqsədi nə idi?

Milli Məclisin Mədəniyyət komitəsi Bülbül fondunda keçirdiyi Azərbaycan mədəni diplomatiyası haqqında ictimai müzakirə Polad Bülbüloğlunun gözləmədiyi səmtə istiqamətləndi.

Bu toplantıda səslənən fikirlər gecə qaranlığında ildırım kimi çaxdı və cəmiyyəti silkələdi. 40 ildən artıq mədəniyyətimizə rəhbərlik edənlər mədəniyyətimizin necə dərin böhran içində olduğunu açıq şəkildə dilə gətirdilər.

Milli Məclisin Mədəniyyət komitəsi Bülbül fondunda bu məqsəd üçün toplaşmışdı?

Bütün yaradıcı təşkilatlarının əbədi, dəyişməz rəhbərbərləri, deputatlar, AMEA-nın nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri Polad Bülbüloğlunun başına toplaşmışdılar ki, ölkə mədəniyyətinin necə dərin böhran keçirdiyini müzakirə etsinlər?

Əlbəttə ki, yox.

Mədəniyyət komitəsinin sədri muzakirələrin bu səmtə yönələcəyini, belə rezonans doğuracağını gözləmirdi.

Onun məqsədi tamam başqa idi.

Polad Büıbüloğlu 1997-ci ildə yaradılmış “Bülbül fondu”nun fəaliyyətini və qanunsuz əldə etdiyi soxsaylı məkanlardan birini leqallaşdırmaq istəyirdi. Vaxtı ilə dövlətdən oğurlayaraq mənimsədiyi mədəniyyət obyektlərini Bülbül fondunun əmlakı kimi cəmiyyətə təqdim etmək istəyirdi.

Tanınmış mədəniyyət xadimlərini, deputatları, alimləri, ali təhsil ocaqlarının rəhbərlərini toplamışdı ki, guya “Azərbaycan mədəni diplomatiyası” mövzusunda Milli Məclisin Mədəniyyət komitəsi çətiri altında ictimai müzakirə aparılacaq və bununla da Bülbül fondunun 30 il gizli saxlanılan fəaliyyəti və əmlakı leqal status alacaq.

Lakin bu dəfə alınmadı. Tanınmış mədəniyyət xadimləri qabaqcadan xəbərdar edilmədiyinə görə, müzakirələrin movzusu nəzarətdən çıxdı. Artıq bütün cəmiyyətə məlum oldu ki, mədəniyyətimiz bataqlıqlar içindədir. Bu dəhşətli fikirlərin Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə keçirilən toplantıda səslənməsi gözlənilməz oldu.

Ona görə də Milli Məclisin meclis.gov.az/news. rəsmi saytında bu toplantı haqqında həmin gün ərzində heç bir məlumat verilmədi. Yalnız noyabrın 13-də axşam saat 21:17-də saytda məlumat dərc olundu.

Lakin toplantıda səsləndirilən tənqidi fikirlər, mədəniyyətimizin böhran içində olması haqqında bir söz belə yazılmadı. Milli Məclisin Mətbuat və içtimaiyyətlə əlaqələr şöbəsi bu tədbiri adi, növvəti bir tədbir kimi qələmə verərək, orda iştirak edənlərin adlarını sadalamaqla kifayətləndi.

Polad Bülbüloğlu “Bülbül fondu”nun fəaliyyətinin dövlət büdcəsindən maliyələşdirilməsinə nail olmaq üçün qurduğu plan baş tutmadı. O, düşünürdü ki, ölkənin tanınmış ziyalılarını Milli Məclisin Mədəniyyət komitəsi formatında bir araya toplayaraq “mədəniyyət diplomatiyası” ideyasını dövlətin sifarişi kimi təqdim edəcək, bunun üçün dövlət büdcəsindən maliyyə ayrılacaq və “Bülbül fondu”na da rəsmi dövlət statusu veriləcək. Buna nail olandan sonra isə kimdəsə sual yarana bilməz ki, Bülbül fonduna şəhərin mərkəzində, tarixi, arxitektura abidəsi kimi dövlət tərəfindən qorunan belə möhtəşəm binanı kim verib

Beləliklə, dövlətin hesabına özünə yeni bir gəlir yeri, yəni “kormuşka” açacaqdı.

Onsuz da o toplantıda iştirak edənlərin əksəriyyəti özünə bir festival düzəldib, adını da qoyublar Beynəlxalq, hər il dostlarını dəvət edib yığışırlar Qəbələdə, Şəkidə, Şuşada, Laçında dövlətin hesabına yeyib içirlər. Özlərindən başqa kimsənin xəbəri də olmur bu tədbirlərdən. Adı Beynəlxalq olsa da, heç ölkəmizdə çoxunun bu festivallardan xəbəri olmur, nəinki Beynəlxalq aləmdə. İstəyirsən, adını lap planetlər arası qoy. Ruslar buna “mejdusoboyçik” deyirlər.

Polad Bülbüloğlu da özünə yeni bir “mejdusoboyçik” düzəltmək, adını da Bülbül adına Beynəlxalq mədəniyyət diplomatiyası qoymaq istəyirdi. İldə bir neçə dəfə Rusiyadan Şvıdkoy başda olmaqla, dostlarını yığacaqdı başına, dövlətin hesabına yeyib-içib dincələcəkdilər.

Niyə də olmasın? Adam şəhərin mərkəzində ikimərtəbəli tarixi binanın 1-ci mərtəbəsində biznesini qurub, ikinci mərtəbəsində isə heç bir fəaliyyəti məlum olmayan “Bülbül fondu” yaradıb. Fikir versəniz, bu binanın sahəsi Hökumət Evinin 3-cü mərtəbəsinin bir qolunda yerləşən mədəniyyət nazirliyinin tutduğu sahədən də çoxdur. Bütün nazirliyi “Bülbül fondu” və “Music Gallery” mağazasının yerləşdiyi binaya rahatlıqla köçürmək olar. Vaxtı ilə bura mədəniyyət nazirliyinin balansında idi. Mən hələ digər qanunsuz ləğv edilmiş və mənimsənilmiş mədəniyyət obyektlərini demirəm.

Polad Bülbüloğlunun “Bülbül fondu”nu və oğurluqla mənimsənilmiş əmlakını laqallaşdırmaqda bir məqsədi də ondan ibarətdir ki, gələn il Bülbülün 130 illiyi qeyd olunacaq.

Həmçinin də gələn il Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi keçirilməsi nəzərdə tutulub. Bu müsabiqə 1997-ci ildən başlayaraq 9 dəfə keçirilib. (1997, 2000, 2005, 2007, 2010, 2012, 2018, 2022 və 2024-cü illərdə) 2027-ci ildə X müsabiqənin keçirilməsi planlaşdırılıb. Polad Bülbüloğlu özü mədəniyyət naziri olanda nazirliyin bütün maliyə və digər resurlarını bu müsabiqənin keçirilməsinə sərf edirdi.

Özündən sonrakı nazirlərlə də uzun çəkişmələrdən sonra dil tapıb nazirliyin bütün imkanlarının səfərbər edilməsinə nail olurdu.

Ona görə də müsabiqənin keçirilməsi stabil olaraq hər iki ildən bir, yaxud hər dörd ildən bir deyil, nə vaxt dövlət vəsaiti əldə etməsindən asılı olaraq keçirilir. Gələn il keçiriləcək müsabiqədə mədəniyyət nazirliyinin planlaşdırdığı büdcə Polad Bülbüloğlunu qane etmədiyinə görə “Bülbül fondu”nu ictimailəşdirmək, hamıya bu fondun dövlət əhəmiyyətli qlobal layihələr həyata keçirmək iqtidarında olduğunu göstərmək, dövlətdən maliyyə dəstəyinin alınmasını təmin etməkdir.

Eyni zamanda iri şirkətləri də sponsor kimi cəlb etmək üçün Bülbül fondunun miqyasını nümayiş etdirmək lazım idi. Bizim görkəmli mədəniyyət xadimləri də Polad Bülbüloğlunun qurduğu bu oyunda vasitəçi oldular. Milli Məclisin Mədəniyyət komitəsisinin Bülbül fondunda təşkil etdiyi toplantının əsil səbəbi budur.

O, maliyyə nazirliyinə bu cür təzyiq etmək istəyirdi. Ölkənin tanınmış simalarını başına toplayaraq mesaj vermək istəyirdi, gücünü, qüdrətini nümayiş etdirirdi. Ora gələnlər də bu oyuna qoşulub hər şeyi açıb tökdülər. Hamı pul istədi. Hamı maliyyə nazirliyini günahlandırdı ki, pulumuzu kəsdiyin üçün mədəniyyətimiz batıb gedir.

Polad Bülbüloğlu keçirdiyi tədbirin belə rezonans doğuracağını, cəmiyyət tərəfindən bu qədər təpki ilə qarşılanacağını ağlına belə gətirməmişdi. O gözləmirdi ki, həmin iclasda özü ilə bərabər ölkə mədəniyyətinə 40 ildən artıq rəhbərlik edənlər, tanınmış mədəniyyət xadimləri mədəniyyətimizin necə bərbad vəziyyətdə olduğunu bu qədər açıq və kəskin ifadələrlə bəyan edəcəklər. Ona görə də cəmiyyətdə haqlı sual yarandı ki, kim kimdən şikayət edir? Məgər mədəniyyətimizə 40 ildir bu insanlar rəhbərlik etmir? Bu məşhur mədəniyyət xadimləri və mədəniyyət rəhbərləri kimi günahlandırırlar, kimdən şikayət edirlər?…

Bu toplantı mənə həm vizual oıaraq, həm də mahiyyət etibarı ilə sovetlər dönəmində, Stalin vaxtında keçirilən iclasları xatırlatdı. Xroniki kadrlarda gördüyümüz o dövrün iclaslarında səhnədə asılmış səhnənin özü boyda portretin fonunda komissarlar kiminsə taleyini həll edirlər.

Bizim müasir mədəniyyət komissarları da son iclasda Maliyyə Nazirliyini hədəf seçdilər. Sanki 40 ildir Maliyyə Nazirliyi milli mədəniyyətimizə cavabdehlik daşıyır və indi də “mədəniyyət” deyəndə onun təsəvvüründə yalnız hansısa toyda oxuyan müğənni və ya şou-biznez nümayəndəsi canlanır.”

Qeyd: Yazının ardı var. Yazının davamında niyə maliyyə nazirliyinin əməkdaşlarının təsəvvüründə mədəniyyət deyəndə şou-biznrs nümayəndəsi canlanmasının səbəblərinə aydınlıq gətiriləcək.

Bundan əvvəlki yazını oxumaq üçün linkə keçid edin:

Bülbül Fondunun qapalı qapıları arxasında nələr gizlənir?

 

 

 

Müəllif: Kamil Şahverdi

Gununsesi.info