Azərbaycanda nikah statistikasının açıqladığı mənzərə əslində düşündüyümüzdən daha ciddi sosial problemin göstəricisidir.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun açıqladığı rəqəmlər göstərir ki, ölkədə ailə qurmaq yaşında olan gənclərin əhəmiyyətli hissəsi nikaha daxil olmur. 20-25 yaş aralığında nikah potensialına malik 175 min gəncin olduğu bildirilir. Halbuki ilk 10 ayda cəmi 31 min nikah qeydə alınıb və ilin sonuna qədər bu rəqəmin 40 minə çatacağı gözlənilir.
Bu statistikanı yalnız gənclərin ailə institutuna marağının azalması kimi qiymətləndirmək doğru olmaz.
Məsələnin arxasında iqtisadi, sosial, psixoloji və mədəni səbəblərin mürəkkəb bir kompleksi dayanır. Əslində, gənclərin ailə qurmaqdan imtinası deyil, ailə qurmağın getdikcə çətinləşməsi ilə üzləşirik.
Bir zamanlar ailə qurmaq insan həyatının təbii mərhələsi, sosial yetkinliyin əsas göstəricilərindən biri hesab olunurdu. İnsanlar evlənir, sonra birlikdə həyatlarını qurmağa çalışırdılar.
İndiki gənclərin qarşısında isə sanki başqa bir şərt qoyulub. Əvvəlcə evin, avtomobilin, sabit gəlirin, müəyyən sosial təminatın olsun, yalnız bundan sonra ailə qurmaq haqqında düşün.
Beləliklə, evlilik həyat qurmaq vasitəsi olmaqdan çıxaraq, artıq müəyyən iqtisadi imkanlara sahib insanların edə biləcəyi seçimə çevrilir.
Birinci və ən ciddi səbəb iqtisadi vəziyyətdir.
Bu gün gəncin ailə qurmaq qərarına təsir edən əsas amillərdən biri mənzil problemidir. Kirayə qiymətləri, mənzil bazarındakı bahalaşma, ipoteka kreditlərinin şərtləri və gəlirlərin bu xərclərlə müqayisədə aşağı olması gənclərin müstəqil ailə həyatı qurmasını çətinləşdirir.
Bir gəncin aldığı maaşla həm kirayə haqqını ödəməsi, həm gündəlik ehtiyaclarını qarşılaması, həm də gələcək üçün pul toplaması asan deyil. Üstəlik, toy xərcləri, cehiz, qızıl, məişət avadanlıqları və digər ənənəvi tələblər də bu yükün üzərinə əlavə olunur.
Nəticədə ailə qurmaq istəyən iki gənc bəzən öz arzularından deyil, maddi imkanlarından asılı vəziyyətə düşür.
İkinci səbəb evlilik ətrafında formalaşmış sosial stereotiplərdir.
Azərbaycanda toy mərasimləri çox vaxt iki insanın ailə qurmasından daha böyük bir sosial hadisəyə çevrilib. Toyun necə keçirilməsi, hansı restoranda təşkil olunması, qonaqların sayı, gəlinin cehizi, bəyin maddi imkanları bəzən ailə qurmağın özündən daha çox müzakirə olunur.
Halbuki ailə qurmaq üçün dəbdəbəli toy, bahalı avtomobil və ya tam təchiz olunmuş mənzil vacib şərt olmamalıdır. Amma cəmiyyətin yaratdığı gözləntilər gəncləri bu şərtləri yerinə yetirməyə məcbur edir.
Bəzən iki gəncin bir-birini sevməsi və birlikdə yaşamaq istəməsi kifayət etmir. Onların ailələri də bu münasibətin iqtisadi və sosial standartlara uyğunluğunu qiymətləndirməyə başlayır.
Beləliklə, evlilik iki insanın şəxsi qərarı olmaqdan çıxaraq, ailələr və qohumlar arasında bir növ sosial müqaviləyə çevrilir.
Üçüncü səbəb gənclərin gələcəyə inamının zəifləməsidir.
Ailə qurmaq yalnız bu günün deyil, gələcəyin də məsuliyyətini üzərinə götürmək deməkdir. İnsan ailə qurarkən sabahını, övladlarının gələcəyini, yaşayış şəraitini, təhsil və səhiyyə xərclərini düşünür.
Əgər gənc sabit iş yeri tapa bilmirsə, gəlirinin gələcəkdə necə dəyişəcəyini bilmirsə, mənzil əldə etmək perspektivini görmürsə, təbii olaraq ailə qurmaq qərarını təxirə salır.
Burada maraqlı bir ziddiyyət var: cəmiyyət gənclərdən ailə qurmağı və uşaq sahibi olmağı gözləyir, amma həmin gənclərin bu məsuliyyəti rahatlıqla daşıya bilməsi üçün zəruri sosial və iqtisadi şəraitin yaradılması məsələsi arxa plana keçir.
Gənclərə ailə qurmağın vacibliyini izah etmək asandır. Çətin olan onların ailə qurduqdan sonra necə yaşayacağını təmin edəcək imkanları formalaşdırmaqdır.
Dördüncü səbəb qadınların sosial və iqtisadi müstəqilliyinin artmasıdır.
Bu məqam da nəzərdən qaçırılmamalıdır. Müasir Azərbaycan qadını əvvəlki nəsillərlə müqayisədə təhsil, karyera, şəxsi inkişaf və iqtisadi müstəqillik məsələlərinə daha çox əhəmiyyət verir.
Qadın artıq yalnız ailə qurmaq və övlad sahibi olmaq üzərindən müəyyənləşdirilən sosial rolu qəbul etmək istəmir. O, öz həyatına dair qərarları özü vermək, peşəkar inkişafını davam etdirmək və sağlam münasibət qurmaq istəyir.
Qadın artıq yalnız ailə qurmaq və övlad sahibi olmaq üzərindən müəyyənləşdirilən sosial rolu qəbul etmək istəmir. O, öz həyatına dair qərarları özü vermək, peşəkar inkişafını davam etdirmək və sağlam münasibət qurmaq istəyir.
Bu, mənfi tendensiya deyil. Əksinə, cəmiyyətin inkişafının göstəricisidir. Ancaq ailə institutunun özü də bu dəyişikliklərə uyğunlaşmalıdır.
Əgər ailə modeli qadından bütün məişət və uşaq tərbiyəsi məsuliyyətini gözləyir, kişidən isə bütün iqtisadi yükü daşımağı tələb edirsə, müasir gənclərin bu modeli qəbul etməməsi təəccüblü deyil.
Beşinci səbəb münasibətlərə və evlilik institutuna yanaşmanın dəyişməsidir.
Əvvəlki nəsillərdə ailə qurmaq çox vaxt sosial zərurət kimi qəbul edilirdi. İnsanlar bəzən uyğun olmayan münasibətləri belə davam etdirməyə məcbur qalırdılar. Çünki boşanmaq, subay qalmaq və ya müəyyən yaşdan sonra evlənməmək cəmiyyət tərəfindən mənfi qarşılanırdı.
İndi isə gənclər münasibətlərdə emosional uyğunluğa, şəxsi azadlığa, qarşılıqlı hörmətə və psixoloji rahatlığa daha çox önəm verirlər.
Onlar sadəcə evli olmaq üçün evlənmək istəmirlər. Yanlış seçim etməkdənsə, ailə qurmağı gecikdirməyə üstünlük verirlər. Boşanma hallarının yaratdığı sosial və psixoloji təcrübələr də bu qərarlara təsirsiz ötüşmür.
Bununla yanaşı, sosial şəbəkələrdə formalaşan ideal həyat və münasibət təsəvvürləri də gözləntiləri artırır. İnsanlar bəzən real münasibətləri deyil, ekranda gördükləri mükəmməl həyat modelini axtarırlar.
Elmar












