Ötən gecə Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klubları arasında keçirilən matç zamanı azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Hadisə nəticəsində üç polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, noyabrın 26-da keçirilən qarşılaşma ilə əlaqədar Batumidə ictimai asayişin qorunması üçün əvvəlcədən təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşları həm stadionda, həm də azarkeşlərin şəhər ərazisindən stadiona doğru hərəkət edəcəyi marşrut boyunca yerləşdiriliblər.
Məlumata əsasən, “Beşiktaş” azarkeşlərinin Avropa meydanından Batumi Arenaya doğru yürüşü zamanı onların bir qismi aqressiv davranış nümayiş etdirib. Azarkeşlərin nalayiq ifadələr səsləndirdiyi, müxtəlif əşyalar atdığı, polisin qanuni tələblərinə tabe olmadığı və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurmaya girdiyi bildirilir.
Gürcüstan DİN-in açıqlamasında qeyd olunur ki, qarşıdurma stadionun ərazisində də davam edib. Bəzi azarkeşlər stadionun infrastrukturuna, o cümlədən oturacaqlara zərər vurub, daha sonra həmin oturacaqları polis əməkdaşlarına atıblar. Nazirlik bu hərəkətlərin polislərin həyat və sağlamlığı üçün təhlükə yaratdığını bildirib.
Polis əməkdaşları iğtişaşların qarşısını almaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi vasitələrdən istifadə ediblər. Nəticədə Daxili İşlər Nazirliyinin üç əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, qanunazidd hərəkətlərdə iştirak edən 16 nəfər saxlanılıb.
Gürcüstan DİN-i bəzi xarici KİV-lərdə polisin güc tətbiq etməsinin stadionda Fələstinə dəstək bayraqlarının və plakatlarının nümayiş etdirilməsi ilə əlaqəli olması barədə yayılan məlumatları təkzib edib.
Nazirlik bildirib ki, azarkeşlərin zorakı hərəkətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurma Fələstin bayraqları və plakatları nümayiş etdirilməzdən əvvəl, hələ stadiona yürüş zamanı başlayıb.
Son məlumata görə, insident zamanı saxlanılan 16 “Beşiktaş” azarkeşi Türkiyə tərəfinin Gürcüstanla apardığı danışıqlar nəticəsində sərbəst buraxılıb.
Qeyd edək ki, “Beşiktaş” və “Hapoel Beer-Şeva” arasında UEFA Avropa Liqasının beşinci turu çərçivəsində keçirilən qarşılaşmanın əvvəlcə İstanbulda təşkili planlaşdırılsa da, təhlükəsizlik səbəbindən Gürcüstanın Batumi şəhərinə, neytral meydana keçirilib.
Matç zamanı tribunada baş verən hadisələr səbəbindən oyun təxminən 30 dəqiqə dayandırılıb. Qarşılaşma daha sonra bərpa olunub və “Beşiktaş” 2:1 hesabı ilə qələbə qazanıb.












