“Kommunikasiyaların açılması ilk növbədə regionda iqtisadi fəallığın və rifahın artmasına şərait yaradacaq. Rifah isə öz növbəsində sülhün və təhlükəsizliyin ən mühüm təminatçılarından biridir. Düşünürəm ki, prosesin Ermənistanın bəyan etdiyi kimi, bir il ərzində başa çatması ehtimalı yüksəkdir”.
Gununesi.info bildirir ki, bu fikirləri deputat Elçin Mirzəbəyli deyib:
“Hətta bu müddət daha qısa ola bilər. Azərbaycan tərəfindən dəhliz və marşrutla bağlı işlər faktiki olaraq başa çatmaq üzrədir. Ölkəmiz bu prosesi sürətlə və yüksək peşəkarlıqla həyata keçirir.
Azərbaycan üçün bu marşrutun əsas əhəmiyyəti ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasıdır. Bu bağlantı yalnız Azərbaycanın iki ərazisini birləşdirən yol deyil. O, həm də Türkiyə ilə quru nəqliyyat əlaqələrinin genişlənməsi və Orta dəhlizin imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
O qeyd edib ki, TRIPP marşrutunun açılması bütövlükdə regionda yeni nəqliyyat və iqtisadi imkanlar yaradacaq.
“Azərbaycan onsuz da Cənubi Qafqazda əsas körpü rolunu oynayır və mühüm nəqliyyat qovşağıdır. Hesab edirəm ki, bu proses Azərbaycanla Naxçıvan arasında əlaqələrin daha da genişlənməsinə və intensivləşməsinə töhfə verəcək”.
Elmar












