
Alimlər Yer kürəsinin torpaq qatlarında həyat üçün həyati əhəmiyyət kəsb edən, əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar etdiklərini açıqlayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Miçiqan Dövlət Universitetinin tədqiqatçıları Yerin “kritik zona” kimi tanınan torpaq qatlarında həyat üçün həyati əhəmiyyət kəsb edən, əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar ediblər. Bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malik olduğu bildirilir.
Mikrobiologiya Mütəxəssisi Prof. James Tiedje-nin rəhbərlik etdiyi qrup, bu dərin torpaq qatlarında ‘CSP1-3’ adlı yeni mikrob filumu ilə qarşılaşdı.
Sözügedən mikroorqanizmlər ABŞ-ın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən təcrid edilib.
Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar.
DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib.
Tiedjenin komandası mikrobların yarandığı isti bulaqlarda temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri, məsələn, çirkləndiriciləri parçalamaq qabiliyyəti də araşdırılacaq.
Professor Tiedje bu yeni kəşfin əhəmiyyətini vurğulayaraq, “Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları hazırlaya bilərik” deyib.
Orxan