
“Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Prezident əlavə edib ki, bu təbliğat kampaniyaları bəzi xarici dairələrin Azərbaycanda sabitliyi pozmaq cəhdlərinin tərkib hissəsi olub. Onun sözlərinə görə, ölkənin maliyyə sisteminə nəzarətin zəif olduğu dövrlərdə xarici təşkilatlar bu fürsətdən istifadə edərək gizli fəaliyyətlə məşğul olublar:
“Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik.
Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində Molotov kokteyllərini və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq. 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu”, – dövlət başçısı bildirib.
Şəbnəm Rəhimova