
Dünyaca məşhur müğənni Selena Qomez ABŞ prezidenti Donald Trampın immiqrantlara qarşı sərhəd siyasətini açıqlamasına reaksiya olaraq ağlayan görüntülərini paylaşıb. Qomez ona gələn reaksiyalardan sonra paylaşımını silib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ikinci səlahiyyət müddətinə başlayan kimi immiqrasiya siyasətləri ilə bağlı sərt addımlar atacağını açıqlayıb.
Cənub sərhədində milli fövqəladə vəziyyətin elan edilməsi, silahlı qüvvələrin yeridilməsi və doğuşdan olan vətəndaşlığın ləğvi kimi radikal planlar ictimaiyyətə böyük təsir göstərib. Bu qərarlar, xüsusilə meksikalı mühacirlər arasında dərin narahatlıq yaradıb.
Trampın meksikalı mühacirlərə qarşı sərt sərhəd siyasətini açıqlamasından sonra dünyaca məşhur Hollivud ulduzu Selena Qomez də emosional anlar yaşayıb.
Qomez Trampın mühacirlərə qarşı sərhəd siyasətini açıqlamasına cavab olaraq ağladığı görüntüləri paylaşıb: “Baş verənlərə inanmaq çox çətindir. Mənim bütün xalqım təhlükə altındadır. Çox kədərlənirəm, kaş bir şey edə biləydim, amma nə edəcəyimi bilmirəm. Söz verirəm ki, hər şeyi sınayacağam” , – deyə bildirib.
Meksialı Qomezin bu açıqlamaları izləyiciləri və pərəstişkarları tərəfindən böyük dəstək alıb. Ancaq o, paylaşımını silib.
Günel Həsənova