Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlib.

Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

“Avropa İttifaqı xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılmasına razılaşdılar. Bu, Moskvanı apardığı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum olunmasını davam etdirəcək. Rusiya vurduğu ziyanın bədəlini ödəməlidir”, – Aİ-nin ali diplomatının paylaşımında qeyd olunub.

Bildiririk ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə başladığı zamandan bəri Aİ Rusiya qarşı bir neçə sanksiya paketi tətbiq edib.

Sözügedən sanksiyaların müddəti yanvarın 31-də bitirdi.

Lakin bu müddətin uzadılması üçün isə üzv ölkələrin hamısının razılığı tələb olunurdu.

Hüquqi baxımdan, Aİ ölkələri bu məhdudiyyətlərin hər altı aydan bir yenilənməsinə yekdilliklə səs verməlidir.

Onu da vurğulayaq ki, sanksiyalarla bağlı qərarı bloklama ehtimalı olan Macarıstan da razılaşmanı dəstəkləyib.

Macarıstanın baş naziri Viktor Orban sanksiyaları yeniləmə qərarından əvvəl Donald Tramp administrasiyası ilə məsləhətləşmələr aparılmasını tələb etmişdi.

Lakin buna baxmayaraq, ABŞ prezidenti Rusiyanı sülh danışıqlarına məcbur etmək niyyətində olduğunu bildirib və hətta yeni sanksiyalar barədə Kremlə xəbərdarlıq edib.

Daha sonra Budapeşt Rusiyadan Macarıstana qaz nəqlini təmin edən razılaşmanın Ukrayna tərəfindən ləğv olunmasından narazılığını əsas gətirib.

Bununla belə, Rusiya ilə digər Aİ üzvlərindən daha sıx iqtisadi və siyasi əlaqələr saxlayan Macarıstan bazar ertəsi nazirlərin görüşündə sanksiyaların uzadılmasına razılıq verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Facebook-da Budapeştin sanksiyaların uzadılmasına səs verməsi Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyinə kənardan təhdidlər yarandıqda hər dəfə tədbir görəcəyinə dair zəmanət verib-verməyəcəyindən asılı olacağını bildirib.

Yanvarın 27-də səhər saatlarında Aİ səfirlərinin görüşündə Avropa Komissiyası Ukraynanın qaz kəmərləri sistemi vasitəsilə Avropaya tədarük mövzusunda Kiyev ilə müzakirələri davam etdirməyə hazır olduğu barədə açıqlama təqdim edib.

 

Gununsesi.info