Şəhid abidəsindən bayraq oğurlayanlara nə ad vermək olar?

Şəhidlərimizin qanı, qazilərimizin canı, sağlamlığı, dövlətimizin iradəsi hesabına azad olunan işğal altındakı vətən torpaqlarının ziyarəti hər bir yurddaşımız üçün böyük bir arzu və sevincdir. 30 ildən sonra doğma yurdlarımızın ziyarəti bizi yenidən ötən günlərimizə qaytarır. Bütün bu xoş anlarımız üçün isə ilk növbədə şəhidlərimizə, qazilərimizə, dövlətimizə və ordumuza ömür boyu borcluyuq.

Çox təəssüflər olsun ki, bəzən bu xoş anlarımıza qanqaraçılığ qatanlar, könül bulandıranlar da tapılır. Belə ki, insanların bəziləri getdikləri yerlərdə özlərindən sonra qoyduqları xoşagəlməz səhnələr adamda ağrılı hisslər yaşadır.

Təbiəti, bulaq başlarını, yaylaqları çirkləndirib insanda ikrah hissi yaradanlar azmış kimi, son zamanlar daha iyrənc yollara əl atanlar da çoxalıb. Xüsusi olaraq şəhid abidələrinə, onların plakatlarına qarşı törədilən insanlığa sığmayan hərəkətlər adamda cavabsız suallar doğurur.

Ötən il Quzeyçiskin kəndində Birinci Qarabağ Müharibəsi şəhidi, 1993-cü ilin aprel ayında Murov dağında kəlbəcərlilərin kütləvi qətliamının qarşısının alınmasında fövqəladə qəhrəmanlıq göstərərərək həlak olmuş Mahir Quliyevin ata ocağında özümüzdən olan naqislərin törətdikləri barbarlıq haqqında yazmışdıq. Onda kimlərsə Mahirin qardaşı Əbülfəz Quliyevin ata ocağında min bir əziyyətlə düzəltiyi yaşayış yerini və mal tövləsini dağıdaraq talan etmişdilər.

Bunlar azmış kimi, kəndin aşağı hissəsində körpünün üzərindəki Quzeyçiskin kəndinin şəhidləri Mahirin Quliyevin və Azər Mikayılovun portretləri  asılmış lövhənin üzərindəki işıq panelini də oğurlamışdılar.

Bu günlərdə də eşitdiyim daha bir xoşagəlməz xəbər məni əməllicə sarsıtdı. Şəhidlərin plakatlarının yanından asılmış, yenicə təzələnmiş Azərbaycan və Türkiyə bayraqları yenə də hansısa naqis adamlar tərəfindən oğurlanıb. Belə yerdə deyirlər ki, sözün bitdiyi yerdi.

Şəhid abidəsindən bayraq oğurlayanlara nə ad vermək olar? Onların vətən, bayraq sevgiləri də sünilikdən, riyakarlıqdan başqa bir şey deyil. İnanırıq ki, hüquq-mühafizə orqanları bu oğruları tapıb cəzalarına çatdıracaqdır. Ən azı onları xalqa tanıdıb rüsvay edəcəklər ki, bir də belə yaramaz hərəkətə yol verməsinlər…

İlham Məmmədli

Gununsesi.info