“HƏMAS” və İsrail arasında yeni danışıqlar gözlənilir

Fələstinin “HƏMAS” hərəkatının nümayəndələri ilə İsrail arasında Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqların yeni mərhələsi təxminən üç həftə davam edə bilər. 

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.

Məlumata görə, atəşkəslə bağlı mümkün danışıqlar iki-üç həftə çəkə bilər.

Danışıqların yeni mərhələsini bərpa etmək imkanı “HƏMAS”ın ABŞ Prezidenti Co Baydenin mayın sonunda təqdim etdiyi təkliflərə verdiyi son cavabdan sonra yaranıb.

İyulun 3-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti vasitəçilər vasitəsilə Həmas nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab aldıqlarını və buna İsrailin cavab hazırladıqlarını açıqlayıb.

Ertəsi gün “HƏMAS: Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzzadakı vəziyyətin həlli variantları ilə bağlı Misir, Qətər və Türkiyə ilə məsləhətləşmələr apardığını elan edib.

Misir və Qətər İsraillə danışıqlarda vasitəçidir. Bir müddət əvvəl İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Qətərə gedib.

Kan dövlət televiziya və radio şirkətinin məlumatına görə, Barnea Dohada Qətər hökumətinin başçısı Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, onların Qəzzada atəşkəs və orada saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə edəcəyi gözlənilir.

 

 

Ceyhun

Gununsesi.info