
Təbrizdə doğulur, farsca təhsil alır, Türkiyəyə gedib türkcə təhsilini davam edir, oradan daha yüksək təhsil üçün Avropaya üz tuturlar. Dünya elmlərinə yiyələnirlər, onların da deməyə fikirləri yaranır.
Təhsil aldıqları Türkiyə türkcəsi, yaxud ingilis dilində rahat yazırlar, müdafiə edirlər. Amma yenə də bəzi ürək sözləri var ki, onu məhz öz dillərində qələmə almaq istəyirlər.
Bir tərəfdən Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, digər tərəfdən Təbriz, Ərdəbil ləhcəsi qarışır bir-birinə.
Onlar bizim türkcənin qrammatikasına bələd deyillər. Oxuduqları kitablar və müşahidələr nəticəsində yazı vərdişləri qazanıblar.
Bunu gözəl başa düşürəm. Bəzən biz o yazıları redaktə ilə tam təmin edə bilmirik, bəzən isə özləri redaktədən imtina edirlər.
Bütün bunlara baxmayaraq, İrandan gələn heç bir yazıya yox demirəm və deməyəcəyəm. Onların dilinə irad tutub əl çalanlar daha dərin düşünə bilmirlər, daha uzağa baxa bilmirlər.
Cənubdan nə qədər yazı, kitab gəlsə, hamısını nəşr edəcəyəm.
Düzdür, yazı dili inkişaf etməyib, amma bu işi aparan fədakar insanlarımız az deyil. Hamısına hər cür dəstək vermək lazımdır.
Onların yaradıcı fəaliyyətini gündəmə çevirmək, “bu nə dildə yazır?” demək etik deyil.
Şahbaz Xuduoğlu
Gununsesi.info