
Avropanın təhlükəsizliyi təkcə Aİ-yə üzv dövlətləri deyil, hamını narahat edir.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-nin təşkil etdiyi “Həmfikir ölkə liderlərinin onlayn görüşü”ndə deyib.
Ərdoğan, Ukrayna ilə Rusiya arasındakı müharibənin dayandırılmasının vacibliyini qeyd edərək belə deyib: “Biz Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini qəti şəkildə dəstəklədik. Biz diplomatik həll yolunun vacibliyini vurğulayıb, hər iki tərəfi sülh masasında oturmağa çağırırıq. Həmlərin dayandırılması ideyasını dəstəkləyirik. Qara dənizdə konsensus əldə etmək üçün göstərdiyimiz səylər də bu yanaşma ilə üst-üstə düşür.”
Ərdoğan qeyd edib ki, ölkəsinin hərbi-sənaye kompleksi Aİ-nin müdafiə sənayesi və Avropa təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyə hazırdır.
“Hesab edirik ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün bütün addımları Türkiyə ilə birgə planlaşdırmaq bizim ümumi marağımıza uyğundur. Bu səylərdə, şübhəsiz ki, transatlantik əlaqələri maksimum dərəcədə qorumaq və ABŞ-dan güclü dəstək almaq çox önəmlidir. Bizim qabaqcıl texnologiyaya sahib müdafiə sənayemiz, Avropanın güclənən müdafiə sahəsinə töhfə verməyə hazırdır.
Düşünürəm ki, Avropa müdafiə sənayesi proqramları Aİ çərçivəsində bütün Avropa müttəfiqlərinə açıq olmalıdır. Əhəmiyyətlidir ki, biz həmçinin Aİ-nin Ukraynanın bərpası və yenidən qurulması proqramlarında iştirak edək”, — deyə türkiyəli lider əlavə edib.
“Biz öz məqsədimizi — tam üzvlüyü qoruyuruq. Aİ-dən strateji və uzaqgörən bir mövqe gözləyirik və üzvlük müzakirələrimizi bərpa etmələrini ümid edirik”, — dövlət başçısı sözlərini tamamlayıb.
Şəbnəm