
Ötən gün Elm və Təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, xarici dil müəllimlərinin yalnız 12 faizi sertifikasiya imtahanından keçə bilib, 1657 nəfərlə əmək müqaviləsi ləğv olunub.
Rəsmi rəqəmlər göstərir ki, müəllimlərin peşəkar hazırlığı ciddi şəkildə sual altındadır. Ekspertlər isə problemin kökündə ali məktəblərdəki müəllim hazırlığının keyfiyyətsizliyini görür.
Bəs müəllimləri hazırlayan universitetlərin səviyyəsi yaxşılaşmadan, bu vəziyyətdən necə çıxmaq olar?
Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, xarici dil müəllimlərinin cəmi 12 faizi sertifikasiya imtahanından keçib:
“Nəticədə 1657 nəfərlə əmək müqaviləsi ləğv olunub və bu, Azərbaycan təhsil sistemində ciddi struktur və məzmun böhranını üzə çıxarır.
Bu rəqəm təkcə müəllimlərin deyil, onları hazırlayan ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyəti və cavabdehliyinin göstəricisidir. Əgər müəllimlərin böyük əksəriyyəti elementar pedaqoji və fənn biliklərini nümayiş etdirə bilmirsə, bu zaman əsas məsuliyyət onların təhsil aldığı universitetlərə düşür. Sertifikasiyada kütləvi uğursuzluq təsadüf deyil, sistematik keyfiyyətsizliyin nəticəsidir.
“Təhsil haqqında” Qanunun 19.1-ci maddəsinə görə, müəllimlərin hazırlanması ali təhsil müəssisələrinin funksiyalarından biridir. Həmin müəssisələr təhsil standartlarına və kurikulumlara uyğun proqramlar həyata keçirməli, müasir təlim metodikası və praktiki bacarıqlar verməlidir.
Lakin mövcud ali təhsil müəssisələrinin bir çoxu bu funksiyanı formal yerinə yetirir. Universitetlərdə ixtisas fənləri üzrə mühazirələr çox vaxt köhnəlmiş proqramlarla keçirilir, tələbələrin təlim-tərbiyə və dərs quruculuğu bacarıqları lazımi səviyyədə inkişaf etmir. Tələbələr pedaqoji təcrübəyə formal yanaşır, əksər hallarda məktəblərlə real əməkdaşlıq zəif olur. Tədris materiallarının böyük hissəsi 10–15 il əvvəlin yanaşmalarını əks etdirir”.
Kamran Əsədov qeyd edib ki, 2023-cü ildə keçirilmiş sorğulara əsasən, Azərbaycan universitetlərini bitirən pedaqoji məzunların yalnız 32 faizi ilk iki il ərzində tam ştatla məktəblərdə işləməyə başlayır:
“Yerdə qalanlar ya başqa sahəyə yönəlir, ya da dövlət imtahanlarında uğursuz olduqları üçün təhsildən uzaqlaşırlar. Deməli, universitetdən çıxan müəllimlər əmək bazarına uyğun deyil və sistem bu məsuliyyəti öz üzərinə götürmək istəmir.
Bu vəziyyətdən çıxmaq üçün yalnız məktəblərdə “yaxşı müəllim” tapmaq yetərli deyil; universitetlərdə “yaxşı müəllim hazırlamaq” sistemi qurulmalıdır. Bunun üçün ilk növbədə pedaqoji kadr hazırlığında akkreditasiya meyarları sərtləşdirilməli, müəllim hazırlığı aparan universitetlər üzrə reytinq və hesabatlılıq mexanizmi yaradılmalıdır. Hər universitetdəki pedaqoji fakültənin fəaliyyəti ayrı-ayrılıqda qiymətləndirilməli, zəif nəticə göstərənlər ya ixtisası dayandırmalı, ya da ciddi islahat proqramına cəlb olunmalıdır. Müəllim hazırlayan universitetlərdən sertifikasiya nəticələrinə görə cavabdehlik tələb olunmalıdır – əgər bir universitetin məzunlarının 80 faizi imtahandan kəsilirsə, bu ali məktəb də hesabat verməlidir.
Eyni zamanda, universitetlərdə pedaqoji ixtisaslarda çalışan müəllim heyəti yenidən attestasiyadan keçirilməli, onların tədris etdiyi proqramlar müasir standartlara uyğunlaşdırılmalıdır. Beynəlxalq təcrübədə – məsələn, Sinqapurda, Estoniyada və Finlandiyada – müəllim hazırlığı yalnız yüksək akademik göstəriciləri olan tələbələr üçün açıqdır və bu proqramlara qəbul çox ciddi seçim prosesi ilə həyata keçirilir. Həmin ölkələrdə müəllimlik ixtisası ən prestijli sahələrdən biridir və ali məktəblərdə praktiki bacarıqlara geniş yer verilir”.
Təhsil ekspertinin fikrincə, Azərbaycan bu istiqamətdə dəyişikliklər etmədən, yalnız məktəblərdə nəticə axtararaq keyfiyyətli müəllim yetişdirə bilməz:
“Müəllim hazırlığı yalnız diplom verməklə başa çatmamalıdır. Universitet–məktəb əməkdaşlığı genişləndirilməli, təcrübə proqramları real mühitdə, mentor müəllimlərin iştirakı ilə həyata keçirilməli, məzunlar pedaqoji fəaliyyətə tam hazır olmalıdır. Universitet müəllimləri də məktəb mühitini tanımalı, orada təcrübə keçməli və məzunların qarşılaşacağı real problemləri bilməlidirlər.
Bu sahədə əsaslı dəyişikliklər baş verməsə, hər yeni sertifikasiya nəticəsində daha yüzlərlə müəllimin işdən çıxarılması müşahidə olunacaq. Amma əslində problem kənarda deyil, müəllimlərin təməlini qoyan ali təhsildədir. Ona görə də çıxış yolu universitetlərdə islahat, şəffaflıq, hesabatlılıq və nəticəyə yönəlmiş tədris mexanizminin qurulmasındadır. Yalnız bu halda müəllim hazırlığı keyfiyyət qazanacaq və sertifikasiyada uğur bir təsadüf deyil, sistemli nəticə olacaq”.
Şəbnəm Rəhimova