Avropa İttifaqı Orbanı sorğu-suala çəkəcək - AZƏRBAYCANLI DEPUTAT İSƏ DEYİR Kİ..

  • By admin
  • 10 İyul 2024 13:08

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi ələ aldıqdan dərhal sonra Ukrayna, Rusiya və Çinə səfər edib. 

 

Ancaq Macarıstan Baş nazirinin  Çinə səfərini Aİ-yə üzv ölkələr narahatlıqla qarşılayıb.

V.Orbanın “Sülh Missiyası 3.0” adlandırdığı Pekin səfəri, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya qəfil səfərindən əvvəl Kiyevə getdikdən sonra baş verib və bu, Avropada diplomatik gərginliyə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa mediası yazıb.

Diplomatik mənbələrin bildirdiyinə görə, Avropa İttifaqı Orbanın Aİ-yə sədrlik kürsüsünə keçdikdən sonra özünü əsas müzakirəçi kimi təyin etməsindən getdikcə daha çox narahat olur. Bu arada Rusiya Prezidenti Vladimir Putin Brüsselin Orbanı danışıqlar aparan tərəf kimi görməməsinə baxmayaraq,  onu Aİ Şurasının nümayəndəsi kimi tanyıb.

Rəsmi Brüssel və Aİ-yə üzv ölkələr Putinin 2022-ci ilin fevralında Ukraynaya başlatdığı təcavüzünə qarşı şəkildə çıxsalar da, Rusiya lideri ilə bir masa arxasında oturmaq və onun şərtləri ilə bağlı razılığa gəlmək istəmirlər.

Macarıstanın Aİ-yə sədrlik etməsidən bir həftə keçdikdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın məşhur “Avropanı yenidən möhtəşəm et” şüarına istinad etməsi gərginliyi  artıq yüksək səviyyəyə çatdırıb.

Macarıstan baş nazirinin bu hərəkətlərini German Marşal Fondunun tədqiqatçısı Daniel Hegedüs Euronews-a müsahibəsində belə şərh edib: “Bu, Baş nazir Orbanın Avropa İttifaqını ələ salmaq və Aİ-nin ümumi və razılaşdırılmış mövqelərini açıq şəkildə pozanmaqdır.  Eyni zamanda onun razılaşdırılmamış hərəkətləri edə biləcəyi və mənfi nəticələrdən qorxmadığını göstərmək cəhdidir. Həmçinin bu, onun təşəbbüskarı olduğu stroteji kompaniyadır. Bu, bir tərəfdən onun gələcək manevr və siyasi muxtariyyət imkanlarını genişləndirir,  digər tərəfdən, əsas tərəfdaşlar arasında Aİ-nin xarici siyasətinin qavranılmasını ciddi şəkildə zəiflədir”.

Siyasi analitiklərin təhlilləri göstərir ki, V.Orban Moskvaya səfəri zamanı özünü Putinlə danışa bilən yeganə Avropa lideri kimi göstərib və bu movqeyi ilə öyünüb.

Orban ötən cümə günü Kremldə keçirdiyi mətbuat konfransında deyib: “Hər iki müharibə edən tərəflə danışa bilən ölkələrin sayı getdikcə azalır. Macarıstan yavaş-yavaş Avropada hamı ilə danışa bilən yeganə ölkəyə çevrilir.

Ancaq  Orbanın tənqidçiləri deyir ki, onun sərgilədiyi bu tip diplomatiyanın  Ukraynadakı müharibə probleminin həllinə heç bir müsbət töhfəsi yoxdur. Çünki həll yolu bütün tərəfdaşların iştirakını tələb edir.

Aİ-nin  yüksək səviyyəli liderləri daha əvvəl V.Orbanın ittifaqın bayrağı altında diplomatik təşəbbüslər irəli sürmək səylərini pisləmişdilər. Onun Moskvaya səfəri ilə bağlı xəbərlər ortaya çıxan kimi, Aİ Şurasının sədri Çarlz Mişel Orbanı sərt tənqid edib və onun sədrlik müddəti ərzində ittifaq adından danışıqlar aparmaq səlahiyyətinə malik olmadığını xatırladıb.

Aİ-nin baş diplomatı Josep Borrell ötən cümə günü verdiyi açıqlamada səfərin yalnız Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində baş tutduğunu vurğulayıb. Aİ V. Orbanın təxribatlarına qarşı tədbirlər görə bilər, o cümlədən Mişeldən Macarıstanın sədrlik müddətinin qısaldılmasını Şura qarşısında qaldırmağı xahiş edə bilər.

Məsələ üzv dövlətlərin bu yolla getməyə hazır olub-olmamasıdır. Qeyd edək ki, Aİ səfirlərinin gələn çərşənbə günü keçiriləcək iclasında V.Orbandan izahat tələb edəcəyi gözlənilir.

Borrelin bəyanatında Orbanın Şuşa səfəri də tənqid edilib. Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin bu tədbirə müşahidəçi qismində dəvətini Barrel sərt tənqid edib.

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev isə Gununsesi.info-ya açıqlamasında Avropa İttifaqını qeyri-səmimilikdə qınayıb: “Avropa İttifaqı vaxtilə Qarabağdakı separatçı rejimi açıq müdafiə edirdi. Azərbaycan dövlət başçısının güclü iradəsi, ordumuzun gücü olmasaydı bugün Qarabağdakı rejimi onlar yenə də dəstəkləcəkdirlər. Baxmayaraq ki, Qarabağ beynəlxalq hüquqla Azərbaycan ərazisidir. Ölkəmiz BMT-yə  bu sərhədlərlə daxil olub. Şimali Kipr Türk Cümhuriyyətini müstəqil ölkə kimi tanımaq lazımdır. Ancaq bu Avropa İttifaqına sərf etmir”.

Naqif Həmzəyev deyir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türkdilli Dövlətlər Birliyinin tədbirinə dəvət almasında qeyri-adi bir şey yoxdur:

“Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Bu illərdir ki, belədir. İndi də Türk Dövlətləri Təşkilatı yanında da müşahidəçi statusu alıb. Burada nə beynəlxalq hüquqa zidd məqam , nə də geosiyasi vəziyyəti gərginləşdirəcək məqam yoxdur”.

Deputat saytımıza açıqlamasında Orbanın fəaliyyətini də toxunub.

Onun sözlərinə görə, Avropa İttifaqında bəzi dövlətlər var ki, bu qurumu özlərinin klubu hesab edir: “Sanki, başqa dövlətlər bunlarla eyni hüquqlara malik deyil. Fransa, Almaniya  kimi ölkələr hesab edir ki, Avropa İttifaqındakı digər ölkələr bunların sözünü deməlidir. Ancaq Orban bunu etmir, ona görə də Avropa İttifaqında sevilmir”.

 

Afət Abbasova

Gununsesi.info