17 yaşlı fələstinli İsrail həbsxanasında aclıqdan ölüb

  • By Günel
  • 07 Aprel 2025 13:24

17 yaşlı fələstinli oğlan “həddindən artıq əzələ və çəki itkisindən” həyatını itirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı fələstinli gənc Valid Xalid Əhməd İsrail həbsxanasında uzun müddət davam edən qida çatışmazlığından ölüb. Bu məlumat israilli tərəfindən aparılan yarılmalara əsaslanır.

Fələstin Məhbuslar Cəmiyyətinin (PPS) məlumatına görə, Əhməd 2023-cü ilin oktyabrında Həmas və İsrail arasında münaqişə başlayandan bəri İsrail nəzarətində ölən ilk uşaqdır.

Ailəsi ilə Fələstin Məhbuslar Cəmiyyəti və Fələstin Məhbuslar Komissiyasının birgə bəyanatına əsasən, Əhməd martın 22-də İsrailin Megiddo həbsxanasında vəfat edib. Əhməd 30 sentyabr 2023-cü ildə işğal altındakı İordan çayının qərb sahilində Ramallahın şimal-şərqində Fələstin kəndi olan Silvaddakı evində saxlanılıb. Atası Xalid oğlunun 2020-2023-cü illər arasında İsrailin hücumlarına cavab olaraq daş və molotof kokteyli atmaq ittihamı ilə həbs edildiyini bildirib.

Ailəsi irəli sürülən ittihamları rədd edir. Fələstin Məhbuslar Cəmiyyəti CNN-ə bildirib ki, yeniyetmə heç bir cinayətdə ittiham olunmayıb və məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb.

Əhmədin ölümündən 5 gün sonra, cənazəsi Təl-Əvivdəki Əbu Kabir Məhkəmə Tibb İnstitutunda müayinə olunub. CNN-in əldə etdiyi yarılma hesabatını onun ailəsi paylaşıb.

Yarılma hesabatında “şiddətli kilo və əzələ itkisi simptomları, gövdə və ətraflarda demək olar ki, heç bir əzələ və ya dərialtı yağ qalmamış” ifadələri yer alıb.

Həmçinin vurğulanıb ki, “az qidalanma ağır sepsis (qan zəhərlənməsi) daxil olmaqla, yoluxucu ağırlaşmaların riskini artırıb.”

İsrail təhlükəsizlik xidmətləri və ya İsrail Müdafiə Qüvvələri CNN-ə yeniyetmənin sentyabr ayında niyə həbs edildiyi və ya ona rəsmi ittiham irəli sürüldüyü barədə hələlik cavab verməyib. Ədliyyə Nazirliyi isə sualları Penitensiar Xidmətə yönləndirib.

Fələstin Məhbuslar Cəmiyyəti CNN-ə verdiyi açıqlamada Əhmədin təkcə 2023-cü ilin oktyabrından deyil, 1967-ci ildən bəri İsrail nəzarətində ölən ilk uşaq olduğunu iddia edib.

Günel Həsənova

Gununsesi.info