
2020-ci ildə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra 2022-ci ildə “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” dövlət proqramı təsdiq olunub.
30 ildən sonra suverenliyimizin bərpasından sonra vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Viran qoyulmuş Qarabağda yerləşən rayonların bərpası və yenidən qurulması üçün sürətli işlər aparılır. Bu proses çətin olsa da, artıq vacib addımlar atılır.
Belə ki, infrastruktur layihələri icra olunur, yeni yaşayış və sosial obyektlər tikilir, bölgənin iqtisadiyyatı inkişaf edir və əhalinin qaytarılması üçün şərait yaradılır. Bu da özlüyündə regionda sabitlik və inkişafın təmin edilməsinə kömək edir.
1992-ci ilin 26 fevralında Ermənistan tərəfindən işğal olunmuş və 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatları nəticəsində azad olunan Xocalıya qayıdış prosesi başlanılıb.
Hər bir azərbaycanlının arzusu olan Xocalıya qayıdış yalnız torpaqların geri alınması deyil, həm də milli kimliyin və tarixi ədalətin bərpa edilməsidir.
Xocalı sakinlərinin öz yurdlarına dönməsi, onların ailə hüquqlarının bərpa olunması və itirdikləri dəyərlərin geri qaytarılması deməkdir.
Bu gün 30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur.
Mövzu ilə bağlı fikirlərini Gununsesi.info -ya açıqlayan Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev vurğulayıb ki, Xocalıya Böyük Qayıdış proqramı çərçivəsində azərbaycanlıların geri dönüşünü görmək sevindiricidir.
“Xocalı bizim qan yaddaşımızdır, qürurumuz, qeyrətimizdir. Xocalı soyqırımı baş verdikdən sonra, qələbə qazanana qədər hər birimizin ürəyində böyük bir nisgil, bir bədbinlik vardı. Hər birimiz əziyyət çəkirdik. Bilirdik ki, gec-tez qisasımızı alacağıq, amma yenə də o nisgil qalırdı.
Şükürlər olsun ki, artıq üzü açıq şəkildə qeyrətimizi geri aldıq. Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə bu gün onların qanını yerdə qoymadıq.
Dünyada bir çox soyqırımlar olub və hələ də bəzilərinin qisası alınmayıb. Biz xoşbəxt insanlarıq ki, məhz hamımız bu qisasın alındığının şahidi olduq. Biz sakral məzmunlu mübarizədə qalib gəldik.
Bu, yalnız bir torpağın azad olunması deyil, həm də bir xalqın gücü və mübarizliyidir. Biz artıq düşmənin təzyiqlərinə qarşı qalib gələrək, haqsızlığa qarşı durduq”, – deyə deputat əlavə edib.
T.Gəncəliyev vurğulayıb ki, Xocalı soyqırımı, türk, müsəlman və Azərbaycan xalqının yaşadığı acıları təkrarlamamaq üçün mübarizənin nə qədər vacib olduğunu bir daha göstərdi:
“Biz bu mübarizəni qazandıq və artıq ədalət öz yerini tapdı. Bu qisasın alınması yalnız bizim deyil, bütün Türk dünyasının və bütün bəşəriyyətin qələbəsidir. 30 ildən sonra, bu qələbə həm bizim, həm də gələcək nəsillərin haqqıdır.
Şükürlər olsun ki, bu gün başımız uca, alnımız açıq olaraq Xocalı torpaqlarında gəzə bilərik. Biz Xocalıda yaşayacağıq, oranı inkişaf etdirəcəyik. Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.
Bu torpaqlar yenidən canlanacaq və çiçəklənəcək. Bu, Azərbaycanın gücünün, xalqımızın iradəsinin və Prezidentimizin düzgün yolunun təntənəsidir.
Torpaqlarımızın dirçəldilməsi məhz oranın insanlarının qayıtması ilə baş verəcək. Qayıdan insanlar o torpaqları daha da gözəlləşdirib abadlaşdıracaq”.
Gununsesi.info -ya danışan, Xocalıdan olan deputat Elman Məmmədov qeyd edib ki, işğaldan sonra yenidən o torpaqlara qayıdacağına həmişə inanıb.
“Azərbaycan xalqı uzun illər Qarabağa qayıdış həsrəti ilə yaşayıb. Elə biz də Xocalıya qayıdacağımız ümidi ilə yaşamışıq. Hər bir Xocalı sakini kimi, mən də uzun illərin həsrətini yaşadım. Biz bu günün olacağına həmişə inanırdıq. Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində bu gün arzumuz reallığa çevrilir. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Bu gün Xocalıda azadlıq və ədalət bərpa olunur, öz yurdumuza geri dönürük. Fevralın 26-da Xocalı faciəsinin 32 illiyində soyqırım şəhidlərimiz Xocalıda yad edildi. Qayıdış prosesi istiqamətində atılmış uğurlu addımlardan biri də Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymasıdır.
1992-ci ildə məğlub kimi çıxdığımız doğma yurdumuza sevinc və fəxr hissi ilə, qalib Azərbaycan vətəndaşları kimi qayıdırıq.
Xocalıya qayıdış, Azərbaycan xalqının gücünün və iradəsinin təntənəsidir. Bu gün Xocalı yenidən tikilir, bərpa olunur. Qayıdış prosesinin sürətləndirilməsi üçün görülən işlər isə hər birimizi qürurlandırır. Biz torpaqların əsl sahibləriyik.
Bu gün evlərinə qayıdan Xocalı sakinlərinin sevinci yerə-göyə sığmır. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdırlar”, – deyə deputat bildirib.
Xocalıya qayıdanda kövrək hisslər keçirdiyini vurğulayan E.Məmmədov bildirib ki, Xocalının hər yerində bir xatirə canlanır:
“32 ildən sonra qalib Azərbaycan vətəndaşı kimi mən də doğma torpağıma qürur və sevinc hissi ilə qayıtdım. Xocalının hər bir qarışı şəhidlərimizin qanına boyanıb. İlk gedişimdə qəbirstanlığı ziyarət etdim. Ermənilərin vəhşicəsinə darmadağın etdiyi qəbirlərimizi gördük. Evim ermənilər tərəfindən darmadağın edilib, yandırılaraq viran qoyulub.
1992-ci ildə Xocalıda olduğumuz zaman bir neçə şəhidimizi orada dəfn etmişdik, onların məzarlarını çətinliklə də olsa tapdıq. Soyqırım zamanı ermənilər tərəfindən qətlə yetirilən vətəndaşlarımızın qalıqlarını isə qəbirstanlıqda dəfn etdik.
Biz Xocalıya qayıdanda deyirdik ki, artıq “şəhidlərimizin qanı yerdə qalmadı”. Bu torpaq uğrunda canlarını vermiş şəhidlərin ruhu artıq şaddır, onların qisası döyüş meydanında alınıb.
Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Xocalı sakinləri və bütün əhalimiz adından cənab Prezidentimizə, vətənpərvər, mübariz və döyüşkən ordumuza, şəhidlərimizə təşəkkür edirik.
Erməni vəhşiliyini gənc nəslə çatdırmaq hər birimizin borcudur. Başımıza gələn bu müsibətləri yalnız Xocalıların deyil, bütün Azərbaycan xalqının gənc nəsli bilməlidir”.
Xocalı sakini, Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynov ilə də həmsöhbət olduq.
Akif bəy Gununsesi.info -ya belə söz açır:
“Hamı kimi mən də illərdir ki, Xocalıya qayıdışı səbirsizliklə gözləyirdim. Xocalıya qayıdan bütün sakinlər qürur və sevinc hissi yaşayır.
32 ildən sonra, ayağım yenidən bu müqəddəs yurdun torpağına dəydi. Bu, mənim üçün həyatımın ən dərin anlarından biri oldu.
İlk dəfə erməni kölgəsi olmadan Qarabağa ayaq basdım və o an bir tərəfdən böyük sevinc, digər tərəfdən isə kədərli hisslər keçirdim.
Yurdumuzun dağıdılıb, viranə halına salınması, yerində tanıdığımız hər şeyin yox olması insanın ürəyini sarsıdır. Xəyal qırıqlığına düşmək çox çətindir.
Vətənimdə itirdiyim yaxınlarımın, əzizlərimin yoxluğu ürəyimi ağrıdırdı.
Amma ən böyük sevinc və qürur, bu torpaqlardan düşmənin qovulmasıdır. O cür qəddar, alçaq düşməndən azad edilmiş bu torpaqlar artıq bizə, bu torpağın gerçək sahiblərinə məxsusdur”.
Şəbnəm Rəhimova