
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində 15 yaşlı qız TikTok-da paylaşdığı məzmuna görə atası tərəfindən öldürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da doğulduğu deyilən gənc qızın atası Ənvər ül-Haq qızını güllələdiyini etiraf edib.
Polis rəsmilərinin məlumatına görə, insident çərşənbə axşamı Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərinin küçələrindən birində baş verib . Əvvəlcə naməlum silahlı şəxslərin hücumuna məruz qaldığını iddia edən Haq, daha sonra polisin dindirilməsi zamanı qızını öldürdüyünü etiraf edib.
Polis məmuru Zohaib Mohsin verdiyi açıqlamada ailənin gənc qızın geyim tərzinə, sosial həyatına və TikTok məzmununa reaksiya verdiyini bildirib. Qətlin “namus” səbəbilə törədilə biləcəyini vurğulayan səlahiyyətlilər, gənc qızın mobil telefonunu yoxladıqlarını açıqladılar.
Polis qətllə bağlı Haqdan başqa onun baldızının da saxlanıldığını bildirib. Şübhəlinin ABŞ vətəndaşı olduğu iddia edilsə də, səlahiyyətlilər bu məsələ ilə bağlı rəsmi sübut təqdim etməyiblər. Hadisə ilə bağlı ABŞ səlahiyyətlilərinə məlumat verilib-verilməməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Pakistanda hər il 1 mindən çox qadın namuslarına xələl gətirdikləri üçün ailə üzvləri və ya cəmiyyət tərəfindən öldürülür. Bu səbəblərə sosial mediadan istifadə, geyim seçimləri və kişilərlə dostluq daxildir.
Digər tərəfdən, ölkədə TikTok istifadəsi sürətlə artarkən, hökumət ara-sıra “ədəbsiz məzmuna” görə platformanı qadağan edir. Pakistanda 54 milyondan çox insan TikTok-dan istifadə etsə də, platforma son vaxtlar İslamabadın məzmunun silinməsi tələblərinə daha çox cavab verməyə başlayıb.
Səlahiyyətlilər hadisə ilə bağlı istintaqın bir çox istiqamətdə davam etdiyini açıqlayıb.
Orxan Saffari