
“Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Zirvə görüşü ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının real nəticəsidir”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, Zirvə görüşünün ən mühüm əhəmiyyətlərindən biri Azərbaycanın bütün ərazisində, o cümlədən Xankəndidə dövlət suverenliyinin tam bərpa edilməsidir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın daxili və xarici siyasətində müstəqillik prinsipinin qorunması bu tədbirin məhz Qarabağda keçirilməsini mümkün edib. Zirvə görüşünün Qarabağda baş tutması təkcə siyasi deyil, həm də ideoloji, regional və beynəlxalq baxımdan ciddi önəm daşıyır və bütün dünyaya güclü mesaj verir. Bu da bir daha təsdiq edir ki, Azərbaycan dövləti Xankəndi daxil olmaqla, Qarabağda tam suverenliyini təmin edib.
Artıq bütün inzibati idarəetmə və təhlükəsizlik mexanizmi tam şəkildə Bakıdan idarə olunur. Əsas məqamlardan biri də budur ki, Azərbaycan dinc quruculuq işləri ilə paralel olaraq belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməklə, bölgədə tam təhlükəsizliyin təmin olunduğunu nümayiş etdirir. Bir neçə ölkə prezidentinin və baş nazirinin iştirak etdiyi bu Zirvə görüşü həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, Zirvə görüşü ilə Azərbaycan beynəlxalq ictimaiyyətə açıq və qəti bir mesaj verir:
“Qarabağ Azərbaycandır və bu tezis artıq faktiki reallığa çevrilib. Xankəndidə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycanın rəhbərliyi ilə təşkil olunan bu cür tədbirlər təkcə siyasi deyil, həm də iqtisadi inkişaf modeli baxımından nümunədir. Bu, dünya ictimaiyyətinə Azərbaycanın uğurlu və davamlı inkişaf yolunu nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu qurumların rəhbərlərinin iştirakı bu görüşə verilən beynəlxalq dəstəyi və əhəmiyyəti daha da artırır.
Bütün dünya da başa düşməlidir ki, biz sülhün bərqərar olmasına çalışırıq. Qarabağın bərpası və yenidən qurulması prosesində isə biz həm konkret işlər görür, həm də bu istiqamətdə beynəlxalq dəstək axtarışını paralel şəkildə davam etdiririk.
Azərbaycan bu gün həm regionda, həm də dünyada lider dövlət kimi tanınır. Ölkəmiz yalnız enerji təhlükəsizliyinin təminində deyil, alternativ enerji və qeyri-neft sektorunun inkişafı sahəsində də nümunə göstərir. Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və BMT qətnamələrinin icrasına sadiqliyimizi açıq şəkildə nümayiş etdiririk. Azərbaycan, eyni zamanda, dövlətlər arasında yaranan problemlərin həllində vasitəçilik missiyasını da üzərinə götürə biləcək gücdə və etibardadır. Bu reallıq artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir.
Bu, sadəcə diplomatik və ya beynəlxalq səviyyəli adi bir tədbir deyil. Bu Zirvə görüşü Azərbaycanın müstəqil xarici siyasətini, daxili sabitliyini, strateji baxışını və suverenliyinin mahiyyətini bütün dünyaya nümayiş etdirmək imkanıdır. Ən önəmlisi isə odur ki, iştirak edən dövlət başçıları bu reallığı öz gözləri ilə yerindəcə gördülər ki, bu da tədbirin əhəmiyyətini daha da artırır. Düşünürəm ki, gələcəkdə də Azərbaycan bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün həm tam şəkildə layiqdir, həm də onların yüksək səviyyədə təşkili ilə bağlı mühüm töhfələrini verməyə davam edəcək”.
Şəbnəm Rəhimova