OMON dəstələri Seyfəddin Hüseynlinin qardaşlarını Rusiyada öldürdü - 50-dən çox azərbaycanlı saxlanılıb - YENİLƏNİB

  • By Günel
  • 27 İyun 2025 23:07

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

Gununsesi.info xəbər verir ki, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Bakir Səfərov isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

“Onlar tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib”, – şahidlərdən biri E1.RU-ya bildirib.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

***

Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.

Gununsesi.info xəbər verir ki, bunu Səfərovların qardaşı ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”- deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

“İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.

Gununsesi.info